skip to Main Content

Bakıda Azərbaycan-Gürcüstan biznes forumu keçirilib

Bakıda Azərbaycan-Gürcüstan Biznes Forumu Keçirilib

İyunun 6-da Bakıda Azərbaycan-Gürcüstan biznes forumu keçirilib. Forumda təşkilatçılardan biri kimi Azərbaycan Sahibkarlar Konfederasiyası da iştirak edib.

Tədbirdə giriş sözü ilə çıxış edən Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze ölkələrimiz arasında ticarət dövriyyəsinin 2021-ci ildə 1 milyard dolları keçdiyini bildirib. Onun sözlərinə görə, azərbaycanlı biznesmenlər Gürcüstanda çox rahat iş qura bilirlər və bu ölkəyə yatırılan investisiyaların həcmi artır.

Azərbaycanın Gürcüstandakı səfirinin məsləhətçisi Sərxan İsmayılov Gürcüstanda Azərbaycan kapitallı 3 min şirkətin, Azərbaycanda isə gürcü kapitallı 600 şirkətin qeydiyyatdan keçdiyini söyləyib. Gürcüstana səfər edən turistlər arasında azərbaycanlıların birinci yerdə olduğunu bildirən S.İsmayılov iki qardaş ölkə arasında iqtisadi münasibətlərin inkişaf etdiyini vurğulayıb.

Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov sözügedən forumu bizneslər arasında əlaqələri genişləndirmək üçün növbəti addım adlandırıb. AZEBİ ilə Konfederasiya arasında əməkdaşlıq memorandumunun imzalandığını xatırladan V.Zeynalov birgə əməkdaşlıq üçün potensialın yüksək olduğunu, xüsusən də logistika sahəsində inkişaf üçün fürsətlərin artdığını qeyd edib.

Tədbirdə AZPROMO, Ələt Azad İqtisadi Zonası, Azərsun Holdinq, AZEBİ, Hualing Kutaisi Free İndustrial Zone, GeoSilkRoad və s. qurumlar da çıxış ediblər. Azərbaycan Sahibkarlar Konfederasiyası baş katibinin müavini Fuad Hümbətov təqdimatla çıxış edib və Konfederasiyanın dövlət-özəl dialoqunda rolu, biznesin inkişafı istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumat verib.      Tədbir B2B görüşlərlə yekunlaşıb.

Back To Top