“Cənubi Qafqazda Peşə təhsilinə dəstək” layihəsi çərçivəsində Almaniyaya təcrübə səfəri təşkil edilib
10-17 iyul 2022-ci il tarixlərində, “Cənubi Qafqazda Peşə təhsilinə dəstək” layihəsi çərçivəsində şagird firmalarının yaradılması üzrə layihə tədbirlərində iştirak etmiş peşə təhsili mərkəzlərinin müəllimləri və layihə ekspertləri üçün Almaniyaya təcrübə səfəri təşkil edilmişdir.
Səfərin məqsədi – iştirakçıları peşə yönümü, o cümlədən “şagird firmaları” sahəsində Almaniya təcrübəsi ilə tanış etmək idi.
İştirakçılar Leypsiq inzibati ərazi dairəsinin Sənətkarlar Palatası, Sənaye və Ticarət Palatası, “Backhaus Hennig” un məmulatları şirkəti və “INSPIRATA” Riyaziyyat və Dəqiq Elmlər Mərkəzində bir sıra görüşlər keçirmişlər. Görüşlər zamanı iştirakçılara Almaniyada dual peşə təhsili sistemi, peşə yönümü, o cümlədən şagird firmaları barəsində ətraflı məlumat verilmişdir.
Bundan başqa iştirakçılar bir sıra şagird firmalarını ziyarət etmiş və şagirdlərin istehsal etdiyi məhsulların nümayiş olunduğu sərgidə iştirak etmiş, şagird firmalarının yaradılması prinsipləri və fəaliyyət xüsusiyyətləri, onların əldə etdiyi nailiyyətlərlə tanış olmuşlar.