skip to Main Content

Malayziyadakı səfirimiz ilə Azərbaycan Sahibkarlar Konfederasiyasında görüş keçirildi

Malayziyadakı Səfirimiz Ilə Azərbaycan Sahibkarlar Konfederasiyasında Görüş Keçirildi

Azərbaycanın Malayziyadakı fövqəladə və səlahiyyətli səfiri İrfan Davudov Azərbaycan Sahibkarlar Konfederasiyasının qonağı olub. Görüşdə Malayziya ilə ölkəmiz arasında iqtisadi əlaqələrin qurulması və “Made in Azerbaijan” brendinin tanıdılması, məhsullarımızın bu bazara ixrac potensialı, turizm sahəsində əməkdaşlıq ilə bağlı məsələlər müzakirə edilib.

Səfir bildirib ki, Malayziya qida məhsullarının 90%-ni idxal edir, ona görə də ölkəmizin kənd təsərrüfatı məhsulları üçün yaxşı bazar ola bilər. Həmçinin Malayziya müsəlman ölkəsi kimi Azərbaycana turist səfərlərini artıra bilər. İ.Davudov nümunə kimi Özbəkistana səfərlərin Malayziyada çox populyar olduğunu qeyd edərək, birgə turist marşrutlarının effektiv ola biləcəyini vurğulayıb.

Səfirin sözlərinə görə, Malayziyanın işgüzar dairələri Azərbaycandakı həmkarları ilə birlikdə işgüzar şuranın yaradılması ilə bağlı təkliflə çıxış ediblər. Azərbaycan Sahibkarlar Konfederasiyanın Malayziya işgüzar missiya təşkil etməsinin iqtisadi əlaqələrə töhfə verə biləcəyini qeyd edən İ.Davudov halal sertifikatının verilməsi ilə bağlı bu dövlətin böyük və ən qabaqcıl təcrübəsi ilə bağlı əməkdaşlıq imkanları barədə də fikirlərini qeyd edib.

Konfederasiyanın baş katibinin müavini Fuad Hümbətov Azərbaycan sahibkarlarının Malayziya bazarına çıxışı imkanlara toxunaraq, bu sahədə logistinaın mürəkkəbliyinə diqqət çəkib. F.Hümbətov Malayziyanın İslam Ticarət və Sənaye Palatasında aktiv üzvlərdən biri olduğunu və bu təşkilat çərçivəsində əməkdaşlıq imkanlarının daha da yüksələ biləcəyini vurğulayıb. Bildirib ki, bu ilin oktyabr ayında İslam Ticarət və Sənaye Palatasına üzv ölkələrin iştirakı ilə Bakıda beynəlxalq kənd təsərrüfatı forumu keçiriləcək və bu forumda Malayziyadan olan iş adamları aktiv iştirak edə bilərlər. O, həmçinin səslənən təkliflərlə bağlı səfirə təşəkkürünü bildirərək, ASK rəhbərliyində müvafiq müzakirələrin aparılacağını qeyd edib.

 

Back To Top