skip to Main Content

“ICCIA Country Focus”da Azərbaycanın investisiya imkanları təqdim edildi

“ICCIA Country Focus”da Azərbaycanın Investisiya Imkanları Təqdim Edildi

Sentyabrın 22-də İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatası (ICCIA) və Azərbaycan Respublikasının Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının birgə əməkdaşlığı çərçivəsində “ICCIA Country Focus” vebinarının Azərbaycanın investisiya imkanlarına həsr edilmiş xüsusi sessiyası təşkil edilib.

Qeyd edək ki, “ICCIA Country Focus” vitrual platforması, İslam Palatasına üzv dövlətlərdə investisiya mühitinin və iqtisadi əməkdaşlığın inkişafı üçün bütün üzv dövlətlərə xidmət etməyi qarşısına məqsəd qoyan rəqəmsal platformadır. Bu platforma, ICCIA-ya  üzv olan 57 ölkənin rüblük əsasda investisiya mənzərəsi, bazarı və potensial imkanları haqqında məlumatlılıq yaratmaq, birgə əməkdaşlıq və biznesin inkişafı üçün qlobal səviyyədə ölkələrin ixracını təşviq etmək məqsədi daşıyır.

Tədbiri salamlama nitqi ilə açan ASK vitse-prezidenti Vüqar Zeynalov təşkilatın fəaliyyəti, ASK ilə İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatası arasında qurulmuş əməkdaşlıq əlaqələri haqqında geniş məlumat verib.

Həmçinin, V.Zeynalov bu ilin 26-27 oktyabr tarixlərində Azərbaycanda ICCIA Direktorlar Şurasının növbəti 34-cü iclasının və “Dayanıqlı Kənd Təsərrüfatı Forumu”nun keçiriləcəyinə dair məlumatı tədbir iştirakçıları ilə bölüşüb. O, belə mötəbər tədbirlərin keçirilməsinin İslam dünyasında özəl sektorun inteqrasiyası baxımından mühüm rol oynayacağını qeyd edib.

Ələt Azad İqtisadi Zonasının hüquq üzrə meneceri Elşən Rəhman, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə heyəti sədrinin müşaviri Zaur Qardaşov, Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin İcraçı direktorunun müşaviri Zöhrab Qədirov və Aqrar Kredit və İnkişaf Agentliyinin şöbə müdiri Fərid Əmirov ölkəmizdə mövcud olan investisiya mühiti və imkanları haqqında təqdimatlarla çıxış ediblər.

Tədbir, qonaqları maraqlandıran sualların cavablandırılması ilə davam edib.

Back To Top