Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti: “Ombudsman Aparatı Ombudsman Aparatı ilə səmərəli əməkdaşlıq edirik”
Oktyabrın 19-da Ombudsmanın Aparatının 20 illik yubileyinə həsr edilmiş “Ombudsmanların və milli insan hüquqları təsisatlarının biznes və insan hüquqları sahəsində rolu” mövzusunda beynəlxalq forum keçirilib.
Forumu açan Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva bildirib ki, minalanmış ərazilərin dəqiq xəritələrinin ölkəmizə təhvil verilməsi ilə bağlı dəfələrlə beynəlxalq təşkilatlara müraciət etməyimizə baxmayaraq, təəssüf ki, Ermənistan hökumətinin hələ də bu istiqamətdə hər hansı bir addım atmayıb. Bu səbəbdən də köçkünlərin təhlükəsiz şəraitdə öz torpaqlarına qayıtmasının və orada biznesin qurulması üçün daha uzun vaxt tələb edildiyini vurğulayıb.
Tədbirdə çıxış edən Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev Azərbaycanda insan hüquqları üzrə müvəkkil təsisatına yubiley münasibətilə öz təbriklərini çatdırıb.
“Müstəqil Ombudsman Aparatı ölkəmizdə insan hüquq və azadlıqlarının müdafiəsi baxımından önəmli təsisatlardan biridir və ötən 20 illik fəaliyyəti dönəmində xalq və cəmiyyət tərəfindən ciddi bir etimad qazanıb. Bu gün vətəndaşlarımız rahat şəkildə onları narahat edən məsələlər barədə Ombudsmana müraciət edirlər və bu institutun səmərəli fəaliyyəti nəticəsində bir çox müraciətlər öz müsbət həllini tapır”, – deyə Konfederasiya rəhbəri qeyd edib.
Onun sözlərinə görə, Azərbaycan Sahibkarlar Konfederasiyası uzun illərdir ki, Ombudsman Aparatı ilə səmərəli əməkdaşlıq edir və insan hüquqları müvəkkili yanında Biznes və insan hüquqları üzrə işçi qrupunda təmsil olunur.
“Konfederasiyaya bugün sahibkarlardan müxtəlif xarakterli müraciətlər daxil olur və öz səlahiyyətləri çərçivəsində sahibkarlarımıza dəstək olmağa çalışırıq. Bu məsələdə Ombudsman Aparatının oxşar fəaliyyəti bizim gücümüzə-güc qatır. Sözsüz ki, biznesin bu gün də, sabah da əsas qayəsi gəlir əldə etməkdir. Bununla yanaşı, 21-ci əsrdə biznes sosial, ekoloji məsuliyyətli olmalıdır. Sosial məsuliyyətin birinci norması insan hüquq və azadlıqlarına hörmətdir. Həm iş yerində işçisinə qarşı, həm də istehlakçıya, yəni onun məhsulunu alana qarşı”,- deyə çıxışda qeyd olunub.