Qlobal Sahibkarlıq həftəsinə start verildi: “Avtomobil nəqliyyatı ilə beynəlxalq daşıyıcıların sertifikatlaşdırılması” mövzusunda seminar keçirildi
Hər il noyabrın üçüncü həftəsi dünyada Qlobal Sahibkarlıq həftəsi kimi qeyd edilir. Azərbaycan Sahibkarlar Konfederasiyası bu həftə çərçivəsində 2022-ci il noyabrın 14-dən 18-dək sahibkarlar üçün müxtəlif mövzularda geniş tədbirlərə start verdi.
Noyabrın 14-də Qlobal Sahibkarlıq həftəsi çərçivəsində Azərbaycan Sahibkarlar Konfederasiyası, Aztugem MMC ilə birlikdə “Avtomobil nəqliyyatı ilə beynəlxalq daşıyıcıların sertifikatlaşdırılması” mövzusunda seminar keçirib. Seminarı açan ASK-nın baş katibi Kristina Məmmədova dövlət-özəl dialoqunun əhəmiyyəti və Konfederasiyanın həftə çərçivəsində hazırladığı tədbirlər barədə məlumat verib.
“Aztugem” şirkətinin direktoru Lamiyə Xəlilova “Avtomobil nəqliyyatı ilə beynəlxalq daşıyıcıların sertifikatlaşdırılması” ilə bağlı iştirakçılara məlumat verib və bu sahədə təklif olunan xidmət paketi, yeniliklər haqqında danışıb.
ABADA-nın baş katibinin müavini Kənan Qurbanov beynəlxalq daşımaçılıqda sertifikatlaşmanın əhəmiyyəti, xüsusən sürücülərin hazırlanması, bu sahədə sahibkarları maraqlandıran məsələlərə aydınlıq gətirib.
Tədbir müzakirələrlə davam edib.