skip to Main Content

Azərbaycan və İordaniya sağlamlıq turizmi sahəsində əməkdaşlıq edəcək

Azərbaycan Və İordaniya Sağlamlıq Turizmi Sahəsində əməkdaşlıq Edəcək

Azərbaycan Sahibkarlar Konfederasiyasının Turizm və Xidmət üzrə İş Komissiyasının sədri Ruslan Quliyev İordaniyada səfərdə olub. Səfər çərçivəsində Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası ilə İordaniya Özəl Sağlamlıq Qurumları Assosiasiyası (PHA) arasında qurumun sədri Dr. Feyzi Al-Hammori, İordaniya Haşimilər Krallığının səhiyyə naziri, cənab Dr Dera Al-Hashari, digər hökumət və dövlət nümayəndələrinin iştirakı ilə uzunmüddətli qarşılıqlı əməkdaşlıq haqqında memorandum imzalanıb.

Sənəd noyabrın 19-21-də İordaniyanın paytaxtı Amman şəhərində Kral II Abdulla ibn Hüseynin himayəsi ilə keçirilən İHTF-2022 (Beynəlxalq Sağlamlıq Turizmi Forumu) çərçivəsində imzalanıb.

Postpandemiya dövründə dünyanın ən böyük sağlamlıq turizmi tədbirlərindən sayılan forumda 50-dən artıq ölkədən 700-dək nümayəndə iştirak edib. Ölkəmizi bu zirvədə Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının (AHTTSA) prezidenti, Azərbaycan Sahibkarlar Konfederasiyasının Rəyasət Heyətinin üzvü Ruslan Quliyev təmsil edib.

Forum zamanı Qlobal Sağlamlıq Turizmi Təşkilatının təqdimatı çərçivəsində Azərbaycanın 2018-2019-cu illərdə bu quruma rəhbərlik etdiyi dövrdə görülən işlər, bu sahədə Azərbaycanın mövcud təcrübəsi haqqında forum iştirakçılarına geniş məlumat verilib. GHTC stendində İordaniya Haşimilər Krallığının səhiyyə naziri və İordaniya Turizm Bürosunun birinci şəxslərinə Azərbaycanda sağlamlıq turizmi imkanlarını, o cümlədən Naftalan, Duzdağ, Qalaaltı və digər təsislər haqqında ətraflı məlumatların əks olunduğu reklam-çap məhsulları təqdim olunub.

Tədbirin 2-ci günü Qlobal Sağlamlıq Turizmi Şurasının qapalı toplantısı keçirilib. Toplantıda Azərbaycanın işğaldan azad olunmuş Qarabağ və  Şərqi Zəngəzur iqtisadi rayonlarının sağlamlıq turizmi potensialı barədə quruma üzv ölkələrin nümayəndələrinə məlumat verilib.

Daha sonra Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri Ruslan Quliyevə Azərbaycanın 2018-2019-cu illərdə Qlobal Sağlamlıq Turizmi Təşkilatına rəhbərlik etdiyi dövrdə qlobal sağlamlıq turizminin inkişafında göstərdiyi xidmətə görə xüsusi təşəkkür plaketi təqdim olunub.

Toplantıda 2023-cü ilin 26-27 aprelində Xorvatiyada Qlobal Sağlamlıq Turizmi Şurasının növbəti 5-ci Zirvə görüşünün keçirilməsi qərara alınıb.

Back To Top