Bakıda “KOB-ların gücləndirilməsi: İqtisadi diversifikasiya və yaşıl inkişaf” mövzusunda beynəlxalq tədbir keçirilib
Dekabrın 1-də Bakıda Kiçik və Orta Müəssisələr üçün Beynəlxalq Şəbəkənin (INSME) 18-ci İllik Toplantısı keçirilib. INSME və bu təşkilata üzv olan Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə təşkilatçılığı ilə keçirilmiş tədbir “KOB-ların gücləndirilməsi: İqtisadi diversifikasiya və yaşıl inkişaf” mövzusuna həsr olunub.
İlk dəfədir ki, ölkəmizdə təşkil olunan toplantıda dünyanın müxtəlif ölkələrindən dövlət rəsmiləri, iş adamları, beynəlxalq təşkilatların və İNSME-yə üzv olan qurumların nümayəndələri iştirak ediblər.
Bu ilki toplantının əsas məqsədi yaşıl inkişafda innovasiyaların rolunu təşviq etmək, qlobal böhranlar zamanı sahibkarlığın potensialını üzə çıxarmaq, KOB-ların enerji böhranlarının öhdəsindən necə gələ biləcəyini və hökumətlərin necə müdaxilə etməli olduğunu müzakirə etmək, bu istiqamətdə yeni ideyalara sahib insanlar arasında şəbəkələşməni genişləndirməkdir.
Tədbirin açılışında iqtisadiyyat naziri Mikayıl Cabbarov, Kiçik və Orta Müəssisələr üçün Beynəlxalq Şəbəkənin (INSME) prezidenti Sergio Arzeni, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun rəhbəri Yusif Abdullayev, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, “ToJoy”un prezidenti və Belçikanın keçmiş baş naziri Yves Leterme, Bolqarıstanın Kiçik və Orta Biznesin Təşviqi Agentliyinin baş direktoru Boyko Takov, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov çıxış ediblər.