ASK Rəyasət Heyətinin üzvü: “Monteneqro ilə turizm əlaqələrimizi daha da genişləndirəcəyik”
Azərbaycan Sahibkarlar Konfederasiyasının Rəyasət Heyətinin üzvü, Turizm Komissiyasının sədri Ruslan Quliyev Monteneqro Respublikasına yeni sağlamlıq turizmi təsisatları ilə tanış olmaq məqsədilə səfər edib. Səfər çərçivəsində o, Azərbaycan Sahibkarlar Konfederasiyasının Bosniya və Herseqovina Federasiyası, Serbiya, Monteneqro respublikaları üzrə nümayəndəsi Seyran Mirzəzadə ilə görüşüb.
Ruslan Quliyev bildirib ki, görüş zamanı postpandemiya dövründə və əsasən 2023-cü ildə ikitərəfli biznes əlaqələri, həmçinim turizm sahəsində əməkdaşlıq və təqvim planına uyğun olaraq həyata keçiriləcək tədbirlərin əhəmiyyəti müzakirə olunub. Ruslan Quliyev onu da əlavə edib ki, son illər Azərbaycanla Monteneqro Respublikası arasında turizm sahəsində əməkdaşlıq genişlənir. Xüsusilə sağlamlıq turizmi istiqamətində bu əlaqələr daha da sıxlaşır: “İşğaldan azad edilmiş torpaqlarımız turizmin bütün istiqamətləri üzrə böyük potensiala malikdir. Bunları dünyaya çatdırmaq, təbliğ etmək bir turizmçi olaraq başlıca vəzifəmizdir. Monteneqro turizm üzrə ən çox əməkdaşlıq etdiyimiz ölkələr sırasındadır. Buna görə də çalışırıq bu ölkənin sağlamlıq turizmi təsisatları ilə əlaqələrimizi sıxlaşdıraq qarşılıqlı turis mübadiləsini daha da genişləndirək. Səfərin əsas məqsədlərindən biri də Balkan ölkələrinə kombinə olunmuş turların təşkil edilməsidir. Bura Monteneqro, Bosniya-Hersoqovina, Makedoniya, Serbiya və Albaniya daxildir”.