Aqrobiznesin inkişafı forumunda ASK rəhbəri təkliflərlə çıxış edib
Bakıda 2-ci “Aqrobiznesin inkişafı Forumu” keçirilib. Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) təşkilatçılığı ilə təşkil olunmuş forumun məqsədi ölkədə aqrobiznesin inkişafında rolu olan tərəfləri bir araya gətirməklə beynəlxalq və yerli təcrübəni, mövcud vəziyyəti, imkanları, o cümlədən aqrobiznesə maliyyə dəstəyi və dövlət güzəştlərindən daha çox sahibkarın faydalanması üçün lazımi addımları müzakirə etməkdir.
Forumdakı çıxışında Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev ölkəmizdə kənd təsərrüfatının inkişafı, bu sahədə sahibkarlıq fəaliyyəti ilə bağlı fikirlərini bölüşüb.
Qeyd edib ki, Azərbaycanda aqrar sahənin inkişafı həm əhalinin məşğulluğu, həm də ölkəmizin ərzaq təhlükəsizliyi baxımından mühüm məsələdir. Dövlətin iqtisadi siyasətinin əsas prioritet istiqamətlərindən biri məhz aqrar sektorun inkişafıdır. Kənd təsərrüfatının, habelə regionların sosial-iqtisadi inkişafına dair qəbul edilmiş və uğurla həyata keçirilmiş dövlət proqramlarınının əsas məqsədi aqrar sektorun, bu sahədə dəyər zəncirinin formalaşdırılmasıdır.
M.Musayevin sözlərinə görə, möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə yüzlərlə müasir sənaye müəssisəsi, aqroparklar, yeni istehsal sahələri, müxtəlif bölgələrdə sənaye parkları yaradılıb. Daxili tələbatın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artıb, ixrac imkanları genişlənib. Nəticədə ixracdakı qeyri-neft sektorunun payı və məhsul çeşidləri də getdikcə artır.
Son illərdə kənd təsərrüfatı təyinatlı torpaqların səmərəli istifadəsi məqsədilə həmin torpaq sahələrinin icarəyə və istifadəyə verilməsi mexanizmi təkmilləşdirilir, kənd təsərrüfatı məhsullarının ixracı üzrə prosedurların sadələşdirilməsi, ixracyönümlü aqrar istehsal mallarına gömrük və vergi güzəştlərinin tətbiqi nəzərdə tutulur.
Bildiyiniz kimi, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Müzəffər Ordumuzun işğal altında olan torpaqlarımızı azad etməsi bölgədə kənd təsərrüfatının bərpası və yenidən inkişaf etdirilməsi üçün böyük imkanlar yaratmışdır.
Vətən müharibəsindən sonra Böyük Qayıdış hazırda dövlətimiz qarşısında duran ən önəmli bir vəzifədir. Artıq iki ildir ki, Qarabağ və Şərqi Zəngəzurda aparılan bütün yenidənqurma işləri gələcək iqtisadi məhsuldarlığın artımına, həyat səviyyəsinin yüksəldilməsinə və dayanıqlılığın möhkəmlənməsinə əlverişli zəmin yaradır.
Əkin dövriyyəsinə yeni ərazilərin daxil edilməsi məhsul istehsalını artırmış olacaq, bölgənin münbit torpaqları taxıl, tərəvəz və meyvə istehsalını artıracaq, heyvandarlığın inkişafına təkan verəcək, aqrar emal müəssisələrinin inşası bölgədə kənd təsərrüfatının davamlı inkişafına əhəmiyyətli təsir göstərəcəkdir.
Konfederasiya rəhbəri bildirib ki, 2022-ci ildə Azərbaycanda Ümumi Daxili Məhsul istehsalının 5,0 faizi kənd təsərrüfatının payına düşmüş, kənd təsərrüfatı məhsullarının istehsal həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,4 faiz artmışdır. 2022-ci ildə ölkəmizdən aqrar sənaye məhsullarının ixrac dəyəri 912,4 milyon ABŞ dolları təşkil etmişdir ki, bu da 2021-ci ilin göstəricisindən 12 faiz çoxdur.
Azərbaycanda 1 yanvar 2023-cü il tarixinə ölkə üzrə cəmi kredit qoyuluşunun yalnız 3.1 faizi və ya 629.1 milyon manatı kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsinin payına düşür. Ölkədə məşğul əhalinin böyük bir hissəsini – 35 faizini əhatə etməsinə baxmayaraq bu sahənin kreditləşməsi istənilən səviyyədə deyil.
Bu inkişafı daha da sürətləndirmək üçün hesab edirik ki, kənd təsərrüfatının, xüsusən də rayonlardakı ailə-kəndli təsərrüfatlarının maliyyə resurslarına çıxış imkanlarının artırılması və sığorta sisteminin daha da təkmilləşdirilməsinə ehtiyac vardır. Kənd təsərrüfatında mövcud subsidiya sisteminin tətbiqini mütərəqqi hesab edirik.
“Aqrobiznes sahəsində torpaq sahələrindən və su resurslarından effektiv istifadə olunması, əlavə dəyər yaradacaq istehsal sahələrinin qurulması, o cümlədən aqrar sektorda emal proseslərinin təkmilləşdirilməsi, ixrac imkanlarının artırılması və yeni ixrac kanallarının tapılması, müasir texnologiyaların təbiqi və elmi yanaşma, dövlət-özəl tərafdaşlığı imkanlarından istifadənin genişləndirilməsi, dəyər zəncirinin dəstəklənməsi, sahibkarların maarifləndirilməsi işinin daha da genişləndirilməsini əsas çağırışlar hesab edirik”- deyə M.Musayev forumun işinə uğurlar arzulayıb.