Mərkəzi Baltik regionu ölkələri şirkətləri ilə Azərbaycan şirkətləri arasında şəbəkələşmənin qurulması planlaşdırılır
Martın 28-də Latviya Ticarət və Sənaye Palatasının Avropa İttifaqı layihə departamentinin rəhbəri xanım Liqa Siçeva ilə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasında görüş keçirilib.
Görüşdə Latviya Ticarət və Sənaye Palatası, Estoniya Ticarət və Sənaye Palatası və Finlandiyanın Satakunta Tətbiqi Elmlər Universitetinin birlikdə Azərbaycanda keçirilməsi planlaşdırılan “LEF şəbəkə Azərbaycan” layihəsi müzakirə edilib.
Liqa Siçeva layihənin məqsədi haqqında məlumat verərək bildirib ki, Mərkəzi Baltik regionu ölkələri olan – Latviya, Estoniya, Finlandiya, Azərbaycan ilə iqtisadi əməkdaşlığını inkişaf etdirmək və bizneslər arasında şəbəkələşmənin qurulmasını təşviq edəcəkdir. L.Siçeva İKT, yaşıl texnologiyalar, ali təhsil, interyer dizayn və interyer dizayn məhsullarının əsas hədəf sektorlar seçildiyini bildirib.
Onun sözlərinə görə, 3 il davam edəcək layihə çərçivəsində Finlandiya, Estoniya və Latviyaya 3, eləcə də Azərbaycana 1 biznes missiya təşkil olunacaq və biznes forumlar keçiriləcək. İlk biznes missiyanın bu ilin payızında olacağını, Finlandiya, Estoniya və Latviya tərəfindən 15 şirkətin, Azərbaycandan isə 8 şirkətin cəlb ediləcəyini vurğulayıb. Konfederasiyanın vitse-prezidenti Vüqar Zeynalov ASK-nın mövcud imkanları və layihə çərçivəsində əməkdaşlıqla bağlı fikirlərini bölüşüb.
Görüş müzakirələrlə başa çatıb.