Qazaxıstan-Azərbaycan biznes-forumu keçirildi
Azərbaycan Sahibkarlar Konfederasiyası və Qazaxıstanın QazTrade dövlət şirkətinin təşkilatı dəstəyi ilə aprelin 5-də Azərbaycan-Qazaxıstan biznes-forumu keçirilib. Hər iki ölkənin rəsmi nümayəndələrinin iştirakı ilə keçən forumda Azərbaycan və Qazaxıstan şirkətləri arasında 30 milyon ABŞ dollarından yuxarı məbləğdə müqavilələr imzalanıb.
Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov ölkələrimiz arasındakı qardaşlıq münasibətlərinin iqtisadi əlaqələrlə daha da möhkəmləndiyini vurğulayıb.
Qazaxıstanın ticarət və inteqrasiya nazirinin müavini Kairat Torebayev bildirib ki, ötən il iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 262 milyon ABŞ dolları olub. O, həmçinin Qazaxıstanda Azərbaycan kapitallı 1 170 şirkətin fəaliyyət göstərdiyini qeyd edib.
Azərbaycanda Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədr müavini Rüfət Atakişiyev Qazaxıstan ilə Azərbaycan arasında iqtisadi əlaqələrin dərinləşməsi üçün Agentliyin gördüyü tədbirlər haqqında məlumat verib.
Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun icraçı direktorunun müavini Zöhrab Qədirov hazırda Azərbaycanda Qazaxıstan kapitallı 150 şirkətin fəaliyyət göstərdiyini, ölkəmizdə xarici investisiya qoyuluşu üçün münbit şəraitin olduğunu söyləyib.
Forum çərçivəsində həmçinin Qazaxıstan Respublikasının 20-dən çox şirkəti ticarət-iqtisadi biznes missiya çərçivəsində B2B görüşlərdə iştirak ediblər.
Qazaxıstan şirkətləri arasında 10-a yaxın şirkət qida və aqrar məhsullar istehsalçısı, 10-dan çox şirkət isə neft avadanlığı, elektrotexnika məhsulları, mebel, xüsusi iş geyimi, gübrə, tikinti və metal materialları, hərbi və xüsusi texnika istehsalçılarıdır.