Azərbaycan-Qırğızıstan biznes-forumu keçiriləcək
Bu gün Azərbaycan Sahibkarlar Konfederasiyasında Azərbaycan-Qırğızıstan İşgüzar Şurasının tərkibi və qarşıdakı aylarda keçiriləcək tədbirlərlə bağlı fikir mübadiləsi aparılıb. Görüşdə Qırğızıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Kayrat Osmonalıyev və Qırğızıstan Ticarət və Sənaye Palatasının vitse-prezidenti Bəxtiyar Məhəmmədziyev, Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov, Gəncə İş Adamları Birliyinin sədri Zəfər Məmmədov və digər şəxslər iştirak ediblər.
Səfir Kayrat Osmonalıyev bildirib ki, son illər Azərbaycan-Qırğızıstan əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Ölkələrimiz arasında ticarət dövriyyəsinin 8-9 milyon dollar olduğunu vurğulayan səfir əməkdaşlıq üçün potensialın daha böyük olduğunu qeyd edib. Onun sözlərinə görə, Qırğızıstanda 21 min azərbaycanlı yaşayır. “Hamımız türkük və əlaqələrimizin inkişafı üçün əlimizdən gələni etməliyik”, – deyə səfir vurğulayıb. O, Şərqi Asiya məhsullarının Avropaya çatdırılmasında Qırğızıstandan keçməklə Azərbaycanın tranzit imkanlarına xüsusi diqqət çəkib. Nəqliyyat-logistikanın inkişafı üçün Ələt və Türkmənbaşı limanlarının imkanlarına və qiymət siyasətinə baxmağın lazım olduğunu vurğulayıb. Səfir bu il iyulun 26-da Bişkekdə keçiriləcək beynəlxalq forum çərçivəsində iyulun 25-də Azərbaycan və Qırğızıstan biznes forumunun keçiriləcəyini bildirib, eyni zamanda Azərbaycanı təmsil edən sahibkarların iyulun 27-də Qırğızıstan-Çin biznes forumunda iştirak etməsini də təklif edib.
ASK-nın vitse-prezidenti Vüqar Zeynalov bu məlumatlara görə səfirə təşəkkür edib və Qırğızıstan Azərbaycan İşgüzar Şurasının Azərbaycan tərəfdən üzvlərinin seçildiyini söyləyib. Eyni zamanda, bu ilin sentyabrında Azərbaycanda keçirilməsi planlaşdırılan Şuranın gündəliyinə daxil ola biləcək məsələlərlə bağlı öz təkliflərini bildirib. Logistika, kənd təsərrüfatı, turizm, birbaşa hava nəqliyyatının açılması ilə bağlı məsələlərin İşgüzar Şuranın iclasında müzakirə olunmasını təklif edib.