İslam Ticarət Sənaye və Kənd Təsərrüfatı Palatasının Direktorlar Şurasının 35-ci iclası çərçivəsində tədbirlər keçirilir
İyulun 17-18-də Bakı şəhərində İslam Ticarət Sənaye və Kənd Təsərrüfatı Palatasının Direktorlar Şurasının 35-ci iclası çərçivəsində tədbirlər keçirilir.
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının və İslam Ticarət Sənaye və Kənd Təsərrüfatı Palatasının birgə təşkilatçılığı ilə keçirilən tədbirlərdə Palataya üzv 20 dövlətdən 100-ə yaxın nümayəndə heyəti təmsil olunur.
Səudiyyə Ərəbistanı, Türkiyə, Qətər, Küveyt, İordaniya, Misir kimi ölkələr də daxil olmaqla geniş tərkibdə ölkəmizə səfər edən Palata üzvləri və İslam ölkələrindən olan sahibkarlar iki gün ərzində Bakıda müxtəlif mövzuları əhatə edən panellərdə, ölkələrin iqtisadi potensiallarının təqdimatlarında, B2B görüşlərdə iştirak edəcək, bir neçə iri kənd təsərrüfatı müəssisələrinə səfər edəcək, əməkdaşlığı əhatə edən bir neçə sənəd imzalayacaqlar.
İyulun 17-də Direktorlar Şurasının 35-ci iclasının açılış mərasimində Azərbaycanın dövlət nümayəndələri çıxış ediblər. Tədbirdə Azərbaycanın Kənd Təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov, Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli, İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, Kiçik Orta Biznesin İnkişafı Agentliyinin sədri Orxan Məmmədov və digər rəsmi şəxslər iştirak ediblər.
Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev qonaqları və tədbir iştirakçılarını salamlayaraq İslam Ticarət Sənaye və Kənd Təsərrüfatı Palatasının Direktorlar Şurasının 35-ci iclasının keçirilməsi üçün ölkəmizin seçilməsinə və bu yüksək etimada görə başda cənab Abdullah Saleh Kamel, Rıfat Hısarçıklıoğlu olmaqla Direktorlar Şurasına təşəkkürünü bildirib.
İslam Ticarət Sənaye və Kənd Təsərrüfatı Palatasının bir neçə böyük beynəlxalq forumların təşkilatçısı olduğunu qeyd edən Konfederasiya rəhbəri “Dayanıqlı kənd təsərrüfatı forumu”nun illik əsasda Azərbaycanda keçirilməsi ilə bağlı qərarın ölkəmizdə aqrar sektorun inkişafına böyük töhfə verəcəyini vurğulayıb.
Qeyd edək ki, İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatası hazırda 57 üzv ölkə ilə təmsil olunur. Üzv ölkələrin ərazisi 31.8 milyon kvadrat kilometrdən çoxdur. Dünyanın quru sahəsinin 6.2%-i bu dövlətlərin payına düşür.
Üzv ölkələrin əhalisi 1 milyard 900 milyon nəfərdən çoxdur, bu isə dünya əhalisinin 23.8%-i deməkdir.
İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasına üzv ölkələrin ümumi daxili məhsulunun həcmi 9 trilyon dollardan çoxdur. Bu isə qlobal ümumi daxili məhsulun 9%-ni təşkil edir.
Azərbaycanın xarici ticarət dövriyyəsinin 18%-i və ya 9.3 milyard ABŞ dolları İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının üzv ölkələrinin payına düşür.