skip to Main Content

Bakıda “Kiçik və Orta Sahibkarlıq üzrə Dünya Forumu” keçirilib

Bakıda “Kiçik Və Orta Sahibkarlıq üzrə Dünya Forumu” Keçirilib

Noyabrın 16-da İqtisadiyyat Nazirliyinin dəstəyi, nazirlik yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Kiçik Biznes üzrə Beynəlxalq Şuranın (ICSB) təşkilatçılığı ilə Bakıda “Kiçik və Orta Sahibkarlıq üzrə Dünya Forumu” keçirilib.

Forumda “SME World Forum”un prezidenti Ayman ElTarabishy, İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin rəhbəri Orxan Məmmədov, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev açılış nitqləri ilə çıxış ediblər.

Konfederasiyasının prezidenti bildirib ki, Azərbaycanda dəyər zəncirinin formalaşmasında əsas rolu kiçik və orta sahibkarlıq oynayır.

2023-cü il ölkəmiz üçün əlamətdar hadisələrlə zəngindir. 1993-cü ildə ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasi sabitliyi cənab Prezidentimiz ötən 20 ildə daha da möhkəmləndirdi və İkinci Qarabağ müharibəsi və bu il keçirilən lokal antiterror əməliyyatı nəticəsində Azərbaycan bütün torpaqlarında suveren hüquqlarını tam bərpa etdi. Bununla da biz ən vacib məsələni – ərazi bütövlüyümüzü həll etdik.

Növbəti mərhələ Qarabağın və Şərqi Zəngəzurun Azərbaycan iqtisadiyyatına inteqrasiyası və ölkə iqtisadiyyatının inkişafıdır və bu mərhələdə biz sahibkarların, iş adamlarının üzərinə böyük məsuliyyət düşür.

Məlumdur ki, kiçik və orta sahibkarlıq mikro müəssisələr də daxil olmaqla, yüksək gəlirli və inkişaf etməkdə olan iqtisadiyyatlarda innovasiya, artım, iş yerlərinin yaradılması üçün mühüm mühərriklərdir. Kiçik və orta sahibkarlar ölkədə bir tərəfdən yeni iş yerlərini artırmaqla işsizlik problemini aradan qaldırır, digər tərəfdən rəqabət mühiti yaratmaqla keyfiyyətli xidməti və ucuz qiyməti təmin edir. Kiçik müəssisələr istehlak tələbatının dəyişməsinə, bazarın konyukturasına daha çevik reaksiya verməklə iqtisadiyyatda əlavə sabitliyi təmin edir.

Azərbaycan Sahibkarlar Konfederasiyası ölkəmizdə orta və kiçik sahibkarlığın inkişafı sahəsində KOBİA-nın strateji tərəfdaşıdır. 25 yaşı olacaq Konfederasiya öz ətrafında iri holdinqlərlə yanaşı, kiçik və orta sahibkarlığı da birləşdirir. Unutmayaq ki, dəyər zəncirinin formalaşmasında əsas rolu məhz kiçik və orta sahibkarlıq oynayır.

Azərbaycan Sahibkarlar Konfederasiyası sahibkarlarımızı bir sıra beynəlxalq biznes təşkilatlarında, o cümlədən 57 ölkəni təmsil edən İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasında,  7 ölkəni birləşdirən Türk Ticarət və Sənaye Palatasında, bütün dövlətlərin işəgötürənlərini əhatə edən Beynəlxalq Əmək Təşkilatında təmsil edir. Beynəlxalq Əmək Təşkilatının Transmilli Korporasiyalar haqqında hesabatına görə, istənilən böyük biznesin ən yaxşı sosial məsuliyyət layihəsi özünün dəyər zəncirində olan kiçik sahibkarlığın inkişafıdır.

Bu gün dünyada gedən iqtisadi proseslərə və trendlərə baxsaq görərik ki, kiçik və orta biznesin inkişafında rəqəmsallaşmanın müstəsna xidmətləri var. Kiçik və orta bizneslər xidmət və məhsullarını Amazon, Alibaba kimi qlobal onlayn ticarət platformalarında yerləşdirərək rahatlıqla sata bilirlər. Ona görə də Azərbaycanda kiçik və orta sahibkarlığın keyfiyyət parametrləri və brendləşməsinə dəstək göstərərək, rəqəmsal satış kanallarına daxil olmasına dəstək vermək əsas istiqamətlərimiz sırasında olmalıdır. Azərbaycan Sahibkarlar Konfederasiyası əlverişli bazar kimi İslam ölkələrinə və qardaş türk ölkələrinə çıxış üçün iş adamlarımıza dəstək verməyə hazırdır.

Sahibkarlığın inkişafı, iş mühitinin daha da tǝkmillǝşdirilmǝsi Azərbaycanın iqtisadiyyatının sürǝtlǝndirilmǝsi sahǝsindǝ ǝsas prioritetlǝdǝn biridir. İndiyǝ qǝdǝr sahibkarlığın inkişafı, dövlət kömǝyinin artırılması və hüquqlarının qanun ǝsasında müdafiə sistemlǝrinin yaradılması üçün müxtǝlif tədbirlər görülüb. Sahibkarlıq sahǝsindǝ görülǝn işlǝr ölkǝ iqtisadiyatının neft sektoruna olan asılılığını azaltmış vǝ qeyri-neft sektorunun inkişafına mühüm tǝkan vermişdir. Hesab edirik ki, dövlət-özəl dialoqunun inkişafı və səmərəliliyini yüksəltməklə birlikdə yeni iqtisadi çağırışlara cavab vermək mümkündür və bu istiqamətdə özəl sektorun təmsilçisi kimi əməkdaşlığa daim hazırıq.

Forumun işinə uğurlar arzu edirəm və bütün təşkilatçılara dəvətə görə təşəkkür edirəm.

Back To Top