skip to Main Content

TÜRKPA-nın Bakı tədbirində Azərbaycan Sahibkarlar Konfederasiyasının rəhbəri çıxış etdi

TÜRKPA-nın Bakı Tədbirində Azərbaycan Sahibkarlar Konfederasiyasının Rəhbəri çıxış Etdi

Türkdilli Dövlətlərin Parlament Assambleyası (TÜRKPA) tərəfindən “Heydər Əliyev və parlamentarizm” və “TÜRKPA-nın 15-ci il dönümü: Keçmişin təcrübəsi, bu günün reallıqları və gələcək perspektivlər” mövzusunda iki konfrans keçirilib.

Hər iki konfransda türk dövlətlərinin parlament və səfirlik nümayəndələri, həmçinin digər rəsmilər, media mənsubları iştirak edib.

TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Er bildirib ki, bu gün TÜRKPA çərçivəsində əməkdaşlıq cəmiyyət həyatının əsas sahələrini əhatə edir. Hüquqi, iqtisadi, sosial-mədəni, humanitar, təhsil, ətraf mühit və sağlamlığın qorunması kimi sahələrdə fəaliyyət göstərən 4 daimi komissiya üzv dövlətlər arasında bu sahələrdə parlamentlərarası əməkdaşlığın inkişafına töhfələrini verirlər.

Baş katib bildirib ki, ötən illər ərzində türk əməkdaşlığı daha da dərinləşdikcə təşkilatın da fəaliyyəti getdikcə genişlənib, üzərinə düşən artan vəzifələri yerinə yetirmək üçün böyük səylə çalışıb.

Tədbirdə çıxış edən Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti və Türk Ticarət və Sənaye Palatasının Azərbaycandan olan həmsədri Məmməd Musayev bildirib ki, qardaş dövlətlər iqtisadi əməkdaşlığın inkişafı üçün böyük yol keçib və Türk Ticarət və Sənaye Palataları Birliyi bu sahədə üzərinə götürdüyü missiyasını uğurla icra edir.

Türk Odalar və Borsalar Birliyinin, həmçinin Türk Ticarət və Sənaye Palataları Birliyinin prezidenti cənab Rıfat Hısarcıklıoğlunun rəhbərliyi ilə Palata ölkələrimiz arasında iqtisadi, ticari əlaqələrin böyüməsində, iş adamlarımızın işbirliyi qurması, birgə üçüncü ölkələrə getməsi üçün müsbət çalışmaları ilə fəxr edə bilər.

2020-ci il noyabrın 2-də 2-ci Qarabağ müharibəsi bitməmiş, pandemiya şəraitinə baxmayaraq, Türk Ticarət və Sənaye Palataları Birliyi Bakıda forum keçirərək tarixi türk torpaqları olan Qarabağın dirçəldilməsi üçün bütün üzv dövlətləri bir araya gətirdi və tarixi bəyanat səsləndirildi. 2022-ci ildə Şuşa Türk Forumu da Türk dövləti iş adamlarının Azərbaycan xalqına dəstəyi kimi böyük diqqət çəkdi. Mən bu şəraiti yaratdıqlarına görə, ölkələrimizin prezidentlərinə dərin təşəkkür edirəm.

Türk Dövlətləri Təşkilatının tərkibində Türk Ticarət və Sənaye Palatasının üzvü olaraq Azərbaycan Sahibkarlar Konfederasiyası Palatanın gələcək inkişafına öz töhfəsini verməkdə davam edir.

Son statistik məlumatlara görə, Türk Dövlətlər Təşkilatının üzvlərinin ümumi ərazisi 4.8 milyon km2, əhalisi 173.8 milyon nəfərdən çoxdur. 2022-ci ilin yekun nəticələrinə görə, üzv dövlətlərdə Ümum Daxili Məhsulun (ÜDM) həcmi 1.5 milyard dollardan artıq, ticarət dövriyyəsi 1.2 milyard dollar təşkil edir. Ümumilikdə dünya ərazisinin 1%-ni, ticarət dövriyyəsinin 2,4%-ni Türk Dövlətləri Təşkilatına üzv ölkələr əhatə edir.

Qeyd edim ki, Türk Ticarət və Sənaye Palatası ilk növbədə sahibkarların şəbəkələşməsini, bir-birini daha yaxından tanımasını, ölkələrimizin iqtisadiyyatını, onun qaydalarını, özəlliklərini öyrənməyə şərait yaratdı. Ötən dövr ərzində artıq üzv dövlətlərin hər birində biznes-forumlar təşkil olunub və yeni iqtisadi əməkdaşlıqların əsası qoyulub. Hər bir görüş iqtisadi inteqrasiyaya öz töhfəsini verir və bu görüşlərin böyük əhəmiyyəti xüsusi qeyd olunmalıdır.

Hesab edirik ki, bu inteqrasiya qanunvericilik və institusional islahatlarla dəstəklənməlidir və bu məsələlərin həllində Türk Parlamentlər Asambleyası da platforma kimi böyük nüfuza və rıçaklara malikdir.

Back To Top