skip to Main Content

“Tikinti sektorunun inkişafında qadınların rolu, problem və perspektivlər” mövzusunda konfrans keçirilib

“Tikinti Sektorunun Inkişafında Qadınların Rolu, Problem Və Perspektivlər” Mövzusunda Konfrans Keçirilib

“Tikinti sektorunun inkişafında qadınların rolu, problem və perspektivlər” mövzusunda konfransda tikinti sektorunda qadınların fəaliyyətinin genişləndirilməsinə, qadınların sahibkarlıq fəaliyyətinə təşviqinə, dövlət-özəl əməkdaşlığı çərçivəsində dəstək tədbirlərinə dair fikir mübadiləsi aparılıb. 

Dünya Bankı Qrupunun “Business Ready” hesabatında tikinti sektorunda çalışan qadınların və bu sahədə fəaliyyət göstərən qadın sahibkarların azlıq təşkil etməsi qeyd edilir. Bu və digər bu kimi beynəlxalq hesabatlarda müvafiq göstərici üzrə ölkəmizin mövqeyinin yaxşılaşdırılması, eləcə də qadınların tikinti sektorunda biznes fəaliyyətinə təşviq olunması və bu sahədə çalışan sahibkar qadınların fəallığının artırılması üçün sorğuların və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Bu istiqamətdə görülən tədbirlər çərçivəsində dekabrın 13-də “Bakı KOB evi”ndə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə “Tikinti sektorunun inkişafında qadınların rolu, problem və perspektivlər” mövzusunda Konfrans keçirilib.

Qadınların tikinti sektorunda biznes fəaliyyətinə təşviq olunması, inkişaf problemlərini araşdırmaqla müvafiq tədbirlərin görülməsi məqsədilə təşkil olunan konfransda millət vəkilləri, müvafiq dövlət qurumlarının, ali təhsil müəssisələrinin, biznes assosiasiyalarının nümayəndələri və sahibkarlar iştirak ediblər.

Konfransda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyətinin sədri Səkinə Babayeva, Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının sədri Nigar Ələsgərova çıxış ediblər. Çıxışçılar ölkəmizin sosial-iqtisadi inkişafında qadınların rolu, dövlət tərəfindən sahibkarlığın inkişafına göstərilən dəstək tədbirləri, qadınların sahibkarlıq fəaliyyətinə təşviqi, biznesdə, xüsusilə də tikinti sektorunda qadınların aktivliyinin artırılması, onların işgüzar əlaqələrinin genişləndirilməsi, dövlət-sahibkar əməkdaşlığı çərçivəsində həyata keçirilən birgə layihələr barədə məlumat veriblər.

Konfederasiya prezidenti bildirib ki, Azərbaycan qadınları zərifliyi, müdrikliyi, yüksək peşəkarlığı ilə həmişə seçiliblər. Düzdür, tikinti sektoru və xanımlar – ilk baxışdan bir-birinə zidd görünsə də, bu sahədə çalışan peşəkar xanımlarımızın sayı artmaqdadır. Memarlıq, layihələndirmə, mühəndis işləri, əlaqəli yan sahələrdə çalışan qadınlar çoxdur.
Hazırda tikinti sektorunda çalışan müəssisələrinin sayı 17 min 686-ya çatıb. Həmçinin 27 minə yaxşı fərdi sahibkar bu sahədə fəaliyyət göstərir. Bunun da 873 nəfəri qadın sahibkarlardır. Ümumilikdə isə ölkəmizdə qeydiyyatdan keçən qadın fərdi sahibkarların sayı 290 mindən artıqdır.
Eyni zamanda, hazırda Azərbaycan Sahibkarlar Konfederasiyasının Rəyasət Heyətində, eləcə də Aparatında çalışan xanımlarımız yüksək peşəkarlığa, idarəetmə bacarıqlarına malikdirlər. Eyni zamanda Konfederasiyanın tərkibində Qadın Sahibkarlarla İş Komissiyası fəaliyyət göstərir və eləcə də Azərbaycanda Qadın Sahibkarlığın İnkişafı Assosiasiyasına dəstək veririk.

Konfrans qadınların tikinti sektorunda biznes biliklərinin və bacarıqlarının artırılması üçün birgə tədbirlərin təşkilinə dair fikir mübadiləsi ilə davam edib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Back To Top