Azərbaycan Sahibkarlar Konfederasiyasının nümayəndəsi təkliflərlə çıxış edib
Azərbaycan Sahibkarlar Konfederasiyasının Monteneqro, Bosniya və Hersoqovina, Serbiyadakı rəsmi nümayəndəsi Seyran Mirzəzadə adlarıçəkilən ölkələrlə qarşılıqlı iqtisadi əməkdaşlığa dair görüş keçirib. Görüşdə ASK-nın vitse-prezidenti Vüqar Zeynalov, baş katibin müavini Fuad Hümbətov və Beynəlxalq əlaqələr, dayanıqlı inkişaf şöbəsinin mütəxəssisi Rüfət Məcnunov iştirak ediblər.
Seyran Mirzəzadə Monteneqroda həyata keçirilən layihələr, tikinti və turizm sahəsində azərbaycanlı iş adamlarının əldə etdiyi nailiyyətlərdən, Monteneqronun böyük gələcək perspektivləri barədə məlumat verib. Daha sonra Serbiyaya Azərbaycan məhsullarının ixracı imkanlarına toxunub. Rusiyanın Serbiyaya uğurlu ixrac siyasətinə və İsrailin investisiyalarına toxunan nümayəndə Türkiyə ilə Monteneqro arasında imzalanmış ikitərəfli gömrük sazişi haqqında məlumat verib. O, qida məhsullarının, eləcə də digər sektorlardan bir çox malların rahat ixracı üçün Azərbaycanla Monteneqro arasında gömrük müqaviləsinin imzalanmasını təklif edib.
Monteneqroda işçi qüvvəsinə böyük ehtiyac olduğunu vurğulayan S.Mirzəzadə rəsmi kanallarla Özbəkistan hökumətinin Monteneqroya işçi göndərdiyini və analoji təcrübənin Azərbaycan və Monteneqro arasında həyata keçirilməsini tövsiyə edib.
Görüşdə Azərbaycan iş adamlarının birləşməsi və bu istiqamətdə ASK nümayəndəsinin üzərinə düşən vəzifələr barədə danışlıb.