Konfederasiya rəhbəri III Aqrobiznesin İnkişafı Forumunda çıxış edib
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin təşkilatçılığı ilə bu gün Quba rayonunda III Aqrobiznesin İnkişafı Forumu keçirilib.
Tədbirin məqsədi kənd təsərrüfatı əsaslı biznes sektorunda qlobal təcrübələri bölüşmək və maraqlı tərəfləri bir araya gətirərək müzakirələr aparmaqdan ibarətdir.
Forumda kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Tahir Rzayev, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, Quba Rayon İcra Hakimiyyəti başçısı İlqar Mahmudov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, Mərkəzi Bankının İdarə Heyəti sədrinin müavini Əliyar Məmmədyarov, FAO-nun regional nümayəndəsinin müavini Nabil Gangi, Türk Dövlətləri Təşkilatının Baş katibinin müavini Ömər Kocaman iştirak ediblər.
Nazir Məcnun Məmmədov çıxışında COP29-un Azərbaycanda aqrar və ekoloji siyasətlərin qabaqcıl beynəlxalq təcrübələrə, texnoloji mübadilə və innovasiyalara uyğunlaşdırılmasında və daha geniş iqtisadi inkişaf üçün maliyyə dəstəyinin təmin edilməsində mühüm rolu olacağını bildirib. “Türk Dövlətləri Təşkilatı (TDT) ilə əməkdaşlıq Azərbaycan üçün prioritetdir”, -deyən nazir TDT-nin platformasından istifadə etməklə aqrar sektorda ümumi problemlərin həllinə və regionda aqrar sektorun inkişafına töhfə verilə biləcəyini vurğulayıb.
Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev kənd təsərrüfatının əhalinin məşğulluğunda xüsusi paya malik olduğunu, mövcud qlobal şəraitdə həm də qida təhlükəsizliyinin təminatı üçün strateji xarakter daşıdığını qeyd edib. “Ölkə daxilində qida və dəyər zəncirinin yaradılması, daha sonra isə ixrac infrastrukturunun qurulması çox vacib məsələdir, ona görə də kənd təsərrüfatının, aqrobiznesin inkişafına torpaqdan başlayaraq, son məhsulun istehsalına, onun qablaşdırılmasına, markalanmaya, brend yaratmaya qədər kompleks halında baxmaq mühüm əhəmiyyət təşkil edir. Böyük coğrafiyanı əhatə edən Türk dünyası ilə xüsusən də kənd təsərrüfatı sahəsində əməkdaşlıq Azərbaycanın əsas prioritetlərindəndir”, – deyə Konfederasiya rəhbəri qeyd edib.
Məlumat üçün bildirək ki, artıq üçüncü ildir təşkil olunan forumun keçirilməsində əsas məqsəd ölkədə aqrobiznesin inkişafında rolu olan tərəfləri bir araya gətirməklə beynəlxalq və yerli təcrübəni, mövcud vəziyyəti, imkanları, o cümlədən aqrobiznesə maliyyə dəstəyi və dövlət güzəştlərindən daha çox fermer-sahibkarın faydalanması üçün lazım olan addımları müzakirə etməkdir.
Forumda aqrobiznes sektorunun hazırkı vəziyyəti və gələcək perspektivləri, habelə, iqlimə davamlı maliyyələşdirmə, subsidiyalar vasitəsilə kənd təsərrüfatının maliyyələşdirilməsi və dövlət-özəl tərəfdaşlıq yönümlü bir sıra məsələlər müzakirə olunur.
Kənd təsərrüfatının maliyyələşdirilməsində dövlət və özəl maliyyə sektoru qarşısında çağırışlar “yaşıl maliyyə” və iqlimə davamlılıq üçün dövlət dəstək alətləri, kənd təsərrüfatı kooperativlərinin aqrobiznesin inkişafında rolu, Türk Dövlətləri Təşkilatı (TDT) regionunun kənd təsərrüfatı potensialı mövzusunda panel müzakirələri keçirilir.
Panellərdə aqrar sahənin investisiya imkanları və yeni çağırışlar, bank sektorunda aqrobiznesin maliyyələşdirilməsi təcrübəsi, maliyyə alətləri, risklər və onların tənzimlənməsi ilə bağlı təkliflər, aqrar sahədə sahibkarlığın inkişafı, çətinliklər və imkanlar, aqrar sahənin inkişafında dövlətin rolu, dövlət dəstəyi tədbirlərinin təkmilləşdirilməsi istiqamətləri barədə müzakirələr aparılır.
Eyni zamanda paralel sessiyada kənd təsərrüfatı kreditləri ilə işin təşkil barədə danışıqlar aparılacaq.
Forumun sonunda kənd təsərrüfatının maliyyələşdirilməsində uğur hekayələri, uğurla maliyyələşdirmə əldə etmiş və əməliyyatlarını genişləndirmiş yerli təsərrüfatların və ya aqrobizneslərin video təqdimatları və onların mükafatlandırılması prosesi də həyata keçiriləcəkdir.