“Azərbaycanın sosial-iqtisadi inkişafının yeni dövrü” mövzusunda keçirilən konfransın iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olunub
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
“Sahibkarlar günü”nə və Azərbaycan Sahibkarlar Konfederasiyasının yaranmasının 25 illiyinə həsr olunmuş “Azərbaycanın sosial-iqtisadi inkişafının yeni dövrü” mövzusunda Konfransın iştirakçılarının
MÜRACİƏTİ
Möhtərəm cənab Prezident!
Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş müstəqil Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyası bu gün Zati-aliniz tərəfindən uğurla davam etdirilir. Məhz bu siyasət nəticəsində ölkəmizdə sabitlik təmin olunmuş, iqtisadiyyatımızın müasir bazar münasibətlərinə keçidi uğurla başa çatmışdır.
Zati-alinizin rəhbərliyi ilə aparılan genişmiqyaslı işlər nəticəsində sahibkarlar ölkə iqtisadiyyatının aparıcı qüvvəsinə çevrilmiş, sağlam bazar münasibətləri, azad rəqabət mühiti, özəl bölmə üçün əlverişli imkanlar formalaşdırılmışdır. Aparılan islahatlar dünyanın qabaqcıl iqtisadi mərkəzləri tərəfindən də yüksək qiymətləndirilir.
Məhz Sizin müdrik siyasətinizlə sahibkarlığa dair qanunvericiliyin və inzibati prosedurların təkmilləşdirilməsi, regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizmlərinin səmərəliliyinin artırılması, maarifləndirmə və işgüzar əlaqələrin inkişafı istiqamətində davam etdirilən məqsədyönlü tədbirlər nəticəsində özəl bölmənin ümumi daxili məhsulda payı 83 faiz, məşğulluqda payı isə 78 faizdən artıq olmuşdur. Belə yüksək nəticənin əldə olunması biz sahibkarları çox qürurlandırır. Sahibkarlara göstərdiyiniz diqqət və qayğını xüsusi minnətdarlıq hissi ilə vurğulayırıq.
Dünya birliyində öz layiqli yerini tutan, dayanıqlı və davamlı iqtisadi inkişafa nail olan Azərbaycan inkişaf etmiş ölkələrdən birinə çevrilmək hədəfinə doğru böyük inamla irəliləyir. Reallaşdırılan mühüm tədbirlər nəticəsində ölkəmizdə makroiqtisadi sabitlik qorunub saxlanılır, iqtisadiyyatın şaxələnməsi uğurla təmin olunur, özəl bölmənin inkişafı üçün daha əlverişli biznes və investisiya mühiti formalaşdırılır.
Sizin rəhbərliyinizlə 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi və 23 saatlıq lokal antiterror əməliyyatı nəticəsində respublika ərazisində separatizmə birdəfəlik son qoyularaq ölkəmizin konstitusiya quruluşunun tam bərpa edilməsi ilə dövlətimizin qüdrətinin artması inkişaf tariximizin yeni mərhələsinə qədəm qoymağımıza imkan yaratmışdır.
Siz Azərbaycan sahibkarlarının sonsuz məhəbbət bəslədiyi və daim əvəzolunmaz lider kimi tanıdığı rəhbərsiniz. Bu ilin fevral ayında keçirilmiş növbədənkənar Prezident seçkilərində Azərbaycan sahibkarları öz seçimlərini etdilər və birmənalı olaraq Sizin yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyinizə səs verdilər.
Möhtərəm cənab Prezident!
Bu gün hər bir sahibkar anlayır ki, Azərbaycanın tərəqqisi və gələcək inkişafı üçün Sizin rəhbərliyiniz ilə həyata keçirilən genişmiqyaslı tədbirlər davam etdirilməlidir. Biz – Azərbaycan Sahibkarlar Konfederasiyasının yaranmasının 25 illiyi və “Sahibkarlar günü”nə həsr olunmuş Konfransın iştirakçıları Sizi əmin edirik ki, işğaldan azad olunmuş Qarabağda və Şərqi Zəngəzurda ən yeni texnologiyaların tətbiqi, yeni iş yerlərinin yaradılması, bərəkətli torpaqlarımıza yenidən həyatın qayıtması, əhalinin rifah halının yaxşılaşdırılması, ümumilikdə isə iqtisadiyyatımızın inkişafı istiqamətində əlimizdən gələni əsirgəməyəcəyik.
Azərbaycan sahibkarları daim dövlətin dəstəyini, qayğısını hiss edir və Sizin Sərəncamınızla hər il 25 aprel tarixinin ölkəmizdə “Sahibkarlar günü” kimi qeyd edilməsi bizim üçün böyük bir bayrama çevrilir.
Zati-alinizə möhkəm cansağlığı və müstəqil, demokratik Azərbaycanın daha da möhkəmlənməsi, xalqımızın xoşbəxt gələcəyi naminə yorulmaz fəaliyyətinizdə uğurlar arzulayırıq!
Tanrı Sizi, xalqımızı və Azərbaycanımızı qorusun!
Bakı şəhəri, 25 aprel 2024-cü il