Türkiyə Respublikasının Ticarət Nazirliyi və Şərqi Anadolu İxracatçılar Birliyinin nümayəndə heyəti Naxçıvana səfər edib
Türkiyə Respublikasının Ticarət Nazirliyinin departament rəhbəri Mustafa Yavuzun rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasında ikigünlük səfərdə olub.
Səfər çərçivəsində qonaqlar ümummilli liderimizin Naxçıvan şəhərindəki abidəsini və Heydər Əliyev Muzeyini ziyarət ediblər.
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin təşəbbüsü, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin, Azərbaycanın Türkiyədəki Ticarət Nümayəndəliyinin dəstəyi, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin və Naxçvan MR Sahibkarlar Konfedrasiyasının təşkilatçılığı ilə “Azərbaycan-Türkiyə ticarət əlaqələri: Naxçıvanın ixrac imkanları” mövzusunda görüş keçirilib. Görüşdə hər iki tərəfdən rəsmi şəxslər və sahibkarlar iştirak ediblər.
Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının sədri Vüqar Abbasov hər iki ölkənin iş adamlarının faydalı əməkdaşlıq münasibətlərindən söhbət açıb.
İkitərəfli əməkdaşlıqda ticarət sahəsinin əhəmiyyətini vurğulayan Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse prezidenti, Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfedraiyasının sədri Vüqar Abbasov qeyd edib ki, Naxçıvan və Türkiyə arasında ticarət dövriyyəsinin artım tendensiyası davam edir.
Sonra Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin muxtar respublikanın iqtisadiyyatı, kənd təsərrüfatı, turizm və ixrac potensialı haqqında təqdimatları dinlənilib.