Azərbaycan Sahibkarlar Konfederasiyasının Belarus Respublikası üzrə nümayəndəsi təyin olundu
Vasif Sultan oğlu İsmayılov 2024-cü ilin 15 martında Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Belarus Respublikasındakı nümayəndəsi vəzifəsinə təyin edilmişdir.
Vasif İsmayılov 1972-ci ildə indiki Ermənistanın Göyçə mahalının Şəfəq kəndində dünyaya göz açıb. Dövlət İdarəçilik Akademiyasının İnzibati idarəetmə fakültəsini və Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. O, 2017-ci ildə Azərbaycan Respublikasının xaricdə ilk – Azərbaycanın Belarus Respublikasındakı Ticarət Evinin təsisçisi olmuşdur, hazırda da onun rəhbəridir.
V.İsmayılov Minskdə və Mogilyovda çoxsaylı binalar, 2013-cü ildə Belarusun Azərbaycandakı səfirliyinin komplekslərini inşa etmişdir. O, həmçinin 2017-ci ildə Azərbaycanda tikinti kompleksinin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidenti tərəfindən “Tərəqqi” medalına, 02.02.2024-cü ildə Azərbaycan Respublikası Prezidentinin 4289 nömrəli Sərəncamı ilə “Heydər Əliyevin 100 illiyi (1923-2023) yubiley medalına layiq görülmüşdür.
Belarus və Azərbaycan arasında ticari-iqtisadi əlaqələrin və investisiya əməkdaşlığının inkişafına verdiyi böyük töhfəyə görə Vasif İsmayılov “Şərəf” ordeninə layiq görülmüşdür. Bu qərar Belarus Prezidentinin 21 noyabr 2019-cu il tarixli Fərmanında öz əksini tapmışdır.
Vasif İsmayılov 1998-ci ildən bu günədək “Ulu Göyçə” şirkətinin rəhbəri kimi fəaliyyət göstərir.
2003-cü ildən Azərbaycan Sambo Federasiyasının I vitse-prezidenti, 2024-cü ilin fevralından Azərbaycan Boks Federasiyasının vitse-prezidenti vəzifəsinə seçilib.