Azərbaycanda keçiriləcək “Dayanıqlı kənd təsərrüfatı forumu” müzakirə edilib
İordaniyanın paytaxtı Əmmanda keçirilən “Rəqəmsal iqtisadiyyatda investisiya forumu” çərçivəsində Azərbaycan Sahibkarlar Konfederasiyasının nümayəndə heyəti İslam Ticarət və İnkişaf Palatasının Baş katibi Yusif Xələvi ilə görüşüb. Görüşdə təşkilatlar arasındakı əlaqələr, Azərbaycanda illik əsasda “Dayanıqlı kənd təsərrüfatı forumu”nun keçirilməsi üçün müvafiq texniki məsələlər müzakirə edilib.
Sözügeden forumun keçirilməsinin təşkilata üzv ölkələr arasında əlaqələrin genişlənməsi, xüsusən də Azərbaycanın kənd təsərrüfatı sektoruna investisiyaların cəlb edilməsi və ölkəmizdə istehsal edilən məhsulların təşkilata üzv ölkələrin bazarlarına ixrac edilməsi potensialı haqqında fikir mübadiləsi aparılıb.
Eyni zamanda, forumda təşkilata üzv ölkələrin məhsullarının Azərbaycanın logistika imkanlarından istifadə etməklə Qafqaz və MDB ölkələrinə ixrac edilməsi imkanları təhlil edilib.