Konfederasiyanın nümayəndə heyəti BƏT-in sessiyasında iştirak edir
Cenevrədə (İsveçrə) Beynəlxalq Əmək Təşkilatına (BƏT) üzv ölkələrin hökumət nümayəndələri və sosial tərəfdaşların iştirakı ilə Beynəlxalq Əmək Konfransının 112-ci sessiyası keçirilir.
Beynəlxalq Əmək Konfransında Azərbaycanı hər il olduğu kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Sahibkarlar (Işəgötürənlər) Konfederasiyasından ibarət üçtərəfli nümayəndə heyəti təmsil edir.
Konfransın iyunun 5-də keçirilmiş sessiyasında Əmək və əhalinin sosial müdafiəsi naziri cənab Sahil Babayev və Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti cənab Məmməd Musayev çıxış ediblər.
Konfederasiya prezidenti bildirib ki, hazırda dünyada müşahidə olunan müharibələr, iqlim dəyişiklikləri, miqrasiya, köç problemləri, sosial bərabərsizlik, milyonlarla insanın yoxsulluq səviyyəsindən aşağı yaşaması, yetərli qidaya əlçatanlığının olmaması və digər bu kimi məsələlər yalnız bir ölkənin, bir regionun problemi deyildir. Hər bir ölkə, cəmiyyət, təşkilat və fərd bu çətinliklərin aradan qaldırılmasında öz məsuliyyətini anlamalı və öz töhfəsini verməlidir.
“Təəssüf ki, biz bu yanaşmanı hər zaman müşahidə etmirik. Bəzən ayrı-seçkilik, ikili standartlar problemlərin həlli istiqamətində birgə addımların atılmasının qarşısını alır. Azərbaycan olaraq təəssüf ki, öz müasir tariximizdə bundan əziyyət çəkmişik. Beynəlxalq hüquqa görə Azərbaycan Respublikasının suveren ərazilərinin işğal altında olmasına dünya, ən azından onun bir qismi 30 ilə yaxın müddətdə göz yummuşdur. Yalnız Azərbaycan dövləti və xalqı öz mübarizəsindən əl çəkməmiş, işğalı öz gücünə sonlandırmış, torpaqlarını azad edərək, ədaləti bərpa etmişdir”, – deyə M.Musayev vurğulayıb.
Onun sözlərinə görə, torpaqlarımızın işğalı dövründə bir milyondan çox insan məcburi köçkün həyatına məhkum olmuş, yoxsulluq, səfalət içində yaşamış, Azərbaycan iqtisadiyyatına, onun infrastrukturuna milyardlarla dollarlıq ziyan vurulub. İki müharibə nəticəsində minlərlə Azərbaycan gənci şəhid olub.
“Bütün bunlar Baş direktorun da öz Hesabatında qeyd etdiyi İctimai Sazişin (Social Contract) – beynəlxalq dövlətlərarası hüququn tətbiq edilməməsi ilə əlaqədar olmuşdur. Bu kimi neqativ hallardan əziyyət çəkən azərbaycanlılar bununla belə hüquqa, ədalətə, bərabərliyə və həmrəyliyə inamını itirməmişdir”, – deyə Konfederasiya rəhbəri qeyd edib.
O, qlobal problemlərin həllində dialoqun və əməkdaşlığın ən effektiv mexanizm olduğunu bildirib. Bundan əlavə, Konfrans iştirakçılarını bu il ölkəmizdə keçiriləcək COP29 tədbirinə dəvət edərək, artıq COP29-da birgə və aktiv iştirakla bağlı Beynəlxalq İşəgötürənlər Təşkilatı ilə razılıq əldə olunduğunu vurğulayıb.
Azərbaycan özəl sektor işəgötürənlərini təmsil etmək məqsədilə Beynəlxalq Əmək Konfransında Azərbaycan Sahibkarlar Konfederasiyası Konfederasiyanın prezidenti Məmməd Musayev, vitse-prezidentləri Jalə Hacıyeva və Vüqar Abbasov, Direktorluğun məsul şəxsləri Xəqan Hümmətzadə və Adil Qurbanovdan ibarət tərkibdə nümayəndə heyəti ilə iştirak edir.