skip to Main Content

Azərbaycan Sahibkarlar Konfederasiyası prezidentinin müşaviri AZƏRTAC-a müsahibə verib

Azərbaycan Sahibkarlar Konfederasiyası Prezidentinin Müşaviri AZƏRTAC-a Müsahibə Verib

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) prezidentinin müşaviri, tarix üzrə fəlsəfə doktoru Ziya Hacılı ölkəmizdə sahibkarlığın inkişafı, işğaldan azad edilmiş ərazilərin bərpasında fəaliyyət göstərən sahibkarlara dəstək və digər aktual məsələlərlə bağlı AZƏRTAC-a müsahibə verib.

– Ziya müəllim, ölkəmizdə kiçik və orta sahibkarlığın inkişafı üçün bu günə qədər hansı mühüm addımlar atılıb?

– Qeyd etmək lazımdır ki, ölkəmizdə kiçik və orta sahibkarlığın inkişafına dair aydın dövlət siyasəti mövcuddur və onun realizasiyası istiqamətində indiyə qədər mühüm işlər görülüb. Müvafiq dövlət proqramlarında müəyyən edilmiş vəzifələr yerinə yetirilib. Kiçik və orta sahibkarlığın hüquqi bazası inkişaf etdirilib, sahibkarlığın tənzimlənməsi sahəsində əhəmiyyətli irəliləyişlərə nail olunub. Sahibkarlar üçün vergi yükünün azaldılması, vergi sisteminin stimullaşdırıcı rolunun gücləndirilməsi istiqamətində zəruri addımlar atılıb. Sahibkarların hüquqlarının və qanuni mənafelərinin qorunması mexanizmlərinin formalaşması sahəsində məqsədli tədbirlər həyata keçirilib. Nəticədə kiçik və orta sahibkarlığın inkişafının sürətləndirilməsi, bu sektorun səmərəli bazar iqtisadiyyatı sisteminin formalaşması, beynəlxalq iqtisadi tendensiyalara uyğunlaşması, habelə ölkənin iqtisadi və sosial problemlərinin həllində rolunun gücləndirilməsi dövlətin iqtisadi siyasətinin öncül istiqamətlərindən birini təşkil edir. Məhz bu məqsədlə müvafiq islahatların çərçivəsi getdikcə genişləndirilir.

– Vurğuladığınız kimi, ölkəmizdə sahibkarlığın inkişafı dövlətin daim diqqət mərkəzindədir və bu sahədə məqsədyönlü islahatlar və layihələr həyata keçirilir, müvafiq qanunvericilik bazası formalaşıb. Bütün bunlara baxmayaraq, müəyyən problemlər də mövcuddur. Bu baxımdan bürokratik əngəllərin azaldılması və digər problemlərin həllini nədə görürsünüz?

– Bu gün Azərbaycan özünün yeni iqtisadi inkişaf modelini reallaşdırır. Qafqaz nəqliyyat dəhlizinin inkişafı nəhəng layihələrin həyata keçirilməsində mühüm rol oynayır. Beynəlxalq layihələrin həyata keçirilməsi nəticəsində Azərbaycan son bir neçə ildə nəqliyyat qovşağına və dəhlizinə çevrilib. Hazırda iqtisadiyyatımız dayanıqlı iqtisadi artım və iqtisadi inkişaf dövrünü yaşayır. Cari ilin son statistik məlumatlarına görə, birinci rübün yekunları üzrə Azərbaycan iqtisadiyyatında, xüsusilə qeyri-neft-qaz sektorunda yüksək artıma nail olunub. ÜDM-də 4 faiz, qeyri-neft-qaz sektorunda isə 6,7 faiz artım qeydə alınıb. Ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 3,8 milyard manat və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 4 faiz çox vəsait yönəldilib. Qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi 4,8 faiz artıb. Cari ilin yanvar-mart aylarında xarici ticarət dövriyyəsinin həcmi 9,7 milyard dollar, o cümlədən ixracın həcmi 6 milyard dollar olub və nəticədə 2,3 milyard dollar həcmində müsbət ticarət saldosu yaranıb. Qeyri neft-qaz ixracı isə 673 milyon dollar olub. Bunlarla yanaşı, sahibkarlığın, xüsusən kiçik və orta sahibkarlığın inkişafı baxımından ölkəmizdə formalaşmış siyasi, eyni zamanda, makroiqtisadi sabitliyin yaratdığı imkanlardan tam istifadə olunduğunu hələ deyə bilmərik. Statistik təhlillərə görə sahibkarlıq fəaliyyəti ilə məşğul olanların sayı mövcud imkanlardan azdır. Özəl sektorun ölkə iqtisadiyyatında xüsusi çəkisi davamlı yüksəlsə də, bu bölmədə strateji cəhətdən mühüm olan struktur formalaşdırıcı potensiala malik müəssisələrin inkişafına daha çox ehtiyac var. Eyni zamanda kiçik və orta sahibkarlığın ölkənin ixrac potensialının gücləndirilməsinə, habelə strukturunun təkmilləşdirilməsinə təsirinin daha da yüksəldilməsi imkanları mövcuddur. Sahibkarlığın regional inkişafının səviyyəsi ölkənin strateji iqtisadi hədəfləri baxımından mövcud potensialına uyğunlaşmalıdır. Kiçik və orta sahibkarlıq müəssisələrinin əksəriyyəti paytaxt və onun ətrafında cəmləşib. Daxili istehsalçılar arasında əlaqələrin də güclənməsinə diqqəti artırmalıyıq. Kiçik və orta sahibkarlıq subyektləri ilə iri müəssisələrin kooperasiyası və inteqrasiyası zəruri səviyyəyə çatmalıdır. Təkcə kiçik və orta sahibkarlıq deyil, ümumilikdə sahibkarlıq sektoru baxımından strateji məqsəd sahibkarlıq fəaliyyətinin tənzimlənməsi sisteminin daha da təkmilləşdirilməsi, sahibkarlığın insan resursunun inkişafı, texniki, maliyyə köməyi mexanizmlərinin dərinləşdirilməsi, sahibkarlığın hüquqi təminatının gücləndirilməsi, regional səviyyələrdə sahibkarlığın inkişafına əlverişli şəraitin yaradılması əsasında həm iri, həm də orta və kiçik sahibkarlığın inkişafının təmin edilməsidir. Hesab edirəm ki, rəqabət qabiliyyətli ixrac məhsullarının istehsalı üçün texniki, maddi və maliyyə köməyi mexanizmlərinin hazırlanması, istehsalyönümlü sahibkarlığa investisiya köməyi mexanizmlərinin genişləndirilməsi, müasir informasiya texnologiyasının geniş tətbiqi əsasında sahibkarlığın informasiya təminatının yaxşılaşdırılması, gənclərin sahibkarlıq fəaliyyətinə hazırlanması sisteminin formalaşması, sahibkarların hüquqlarının müdafiəsi sisteminin inkişaf etdirilməsi, həmçinin beynəlxalq işgüzar əlaqələrinin yaradılması və genişləndirilməsi bu istiqamətdə vacib vəzifələrdir.

– Sahibkarların maliyyə resursları ilə təmin olunması imkanları və perspektivləri necədir?

– Ölkəmizdə qeyri-neft sektorunu sürətlə inkişaf etdirmək, sahibkarlığın inkişafına əsaslanan, diversifikasiya olunmuş, rəqabətqabiliyyətli və dayanıqlı iqtisadi artımı təmin edən milli iqtisadiyyatın formalaşdırılmasına nail olmaq iqtisadi siyasətin başlıca hədəfidir. Aparılan iqtisadi islahatlar nəticəsində bu sahədə bir sıra əhəmiyyətli nailiyyətlər əldə edilib, biznes və investisiya mühiti daha da yaxşılaşdırılıb, makroiqtisadi və maliyyə sabitliyi bərqərar edilib. Bu, növbəti dövrlərdə də ölkədə məşğulluğun və qeyri-neft sektorunun hərtərəfli inkişafının təmin edilməsində sahibkarların rolunun yüksəldilməsi üçün mövcud istehsal və xidmət sahələrini müasirləşdirmək, genişləndirmək və səmərəliliyini artırmaq məqsədilə kredit resurslarına ehtiyacı olan kiçik və orta sahibkarların dövlət dəstəyi ilə daha geniş əhatə olunmasını zəruri edir. Xüsusən də, investisiya layihələrində risklərin tərəflər arasında bölüşdürülməsi, girov təminatı tələbinin alternativ vasitələrlə əvəz edilməsi və beləliklə sahibkarların maliyyə resurslarına çıxışının yaxşılaşdırılması mühüm aktuallıq daşıyır.

Bildiyimiz kimi, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” dayanıqlı artan rəqabət qabiliyyətli iqtisadiyyat, dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət, rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı, işğaldan azad olunmuş ərazilərə böyük qayıdış, təmiz ətraf mühit və yaşıl artım ölkəsi kimi milli inkişaf istiqamətlərini hədəfləyir. Milli iqtisadiyyat perspektivi və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində maliyyə inklüzivliyinin artırılması, maliyyə xidmətlərinin çatdırılması kanallarının diversifikasiyası, sahibkarların, xüsusilə də kiçik və orta sahibkarların maliyyə mənbələrinə çıxış imkanlarının genişləndirilməsi və maliyyə xidmətləri ilə təminatının yaxşılaşdırılması əsas strateji hədəf və prioritetlərdən biri kimi müəyyən edilib. Bu istiqamət şübhəsiz ki, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının da siyasətində və fəaliyyətində aktual prioritetdir. Müvafiq tənzimləyici institutlarla sıx əməkdaşlıq çərçivəsində sahibkarların maliyyə vəsaitlərinə çıxış imkanlarını daha da artırmağa nail olmaq, bununla sahibkarlıq fəaliyyətini stimullaşdırmaq, maliyyə sahəsində risklərin bölüşdürülməsinə əsaslanan kreditləşdirmə sistemi formalaşdırmaq istiqamətində fəal addımlar atılmaqdadır.

– Sahibkarların hüquqlarının müdafiəsi və maarifləndirilməsi sahəsində ASK-nın əsas rolu nədən ibarədir?

– Müstəqillik, inkluzivlik, şəffaflıq, əməkdaşlıq, komanda işi və müxtəliflik kimi dəyərləri fəaliyyətində rəhbər tutan Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının missiyası ölkədə bütün sahibkarların səsinə və onların ən yaxın tərəfdaşına çevrilmək, sahibkar-dövlət, sahibkar-işçi münasibətlərinin tənzimlənməsi üçün dialoq qurmaq və ölkədə sahibkarlığın dayanıqlı inkişafına dəstək olmaqdır. Sahibkarların hüquqlarının müdafiəsi və maarifləndirilməsi sahəsində isə təşkilatımız sahibkarlar arasında daimi işgüzar əlaqələrin yaradılmasını təmin edir, onlarla birgə investisiya, innovasiya layihələrinin və başqa təşəbbüskar layihələrin işlənməsinə, eləcə də sağlam, hüquq əsaslı sahibkarlıq mühitinin formalaşmasına kömək edir. Sahibkarlıq subyektlərinin maarifləndirilməsi tədbirlərini təşkil edir, sahibkarlığın inkişafı ilə bağlı sosial-iqtisadi yönümlü müxtəlif sahə, regional və ölkə miqyaslı proqramların hazırlanmasında və həyata keçirilməsində iştirak edir. Bunlarla yanaşı, ölkə sahibkarlarına xaricdə və daxildə tərəf müqabillərin tapılmasında köməklik göstərir, onların informasiya təminatında iştirak edir. Sahibkarlığın inkişafı ilə bağlı və sosial-iqtisadi yönümlü qanun və digər normativ-hüquqi aktların layihələrinin işlənib hazırlanmasını həyata keçirir. Sahibkarlığın inkişafı sahəsində dünya təcrübəsinin öyrənilməsi və onların əlverişli istiqamətlərdə ölkədə tətbiq edilməsi üçün şərait yaradır.

– İşğaldan azad edilmiş ərazilərin bərpasında fəaliyyət göstərən sahibkarlara dəstəklə əlaqədar, xüsusən maliyyə imkanları ilə bağlı hansı məsələləri önə çəkmək olar?

– Möhtəşəm Zəfərlə otuz ilə yaxın işğal altında olan torpaqlarımız azad oldu, tarixi ədalət bərpa edildi. Milli tariximizin yeni, qürurverici səhifələri yazıldı. İşğaldan azad olunmuş ərazilərə böyük qayıdış, orada dayanıqlı məskunlaşma, həmçinin iqtisadi fəaliyyətə reinteqrasiya hazırda növbəti dekada üçün ən mühüm milli inkişaf prioritetlərimizdən biridir. Otuz ilə yaxın bir müddət ərzində erməni vandalları tərəfindən maddi və mədəni sərvətləri talan edilmiş torpaqlarımıza qayıdış dövlətimizin qarşısında duran ən mühüm çağırış olmaqla bərabər məna və məzmuna görə həm də ümumxalq işidir. Azad Qarabağımızda bərpa və quruculuq işləri artıq başlayıb. Hazırda işğaldan azad olunmuş ərazilərimizin dirçəlişi istiqamətində böyük layihələr həyata keçirilir. Bu işdə sahibkarların da mühüm rolu var və olacaq. Qarşıya qoyulan hədəflərə daha effektiv nail olmaq, işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşmaq üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsi məqsədilə böyük addımlar atılır. Ölkəmizin böyük maliyyə-iqtisadi potensialı əsasında dövlətimiz və xalqımız səfərbər olunmaqla işğaldan azad olunmuş bütün ərazilərdə başlanacaq geniş bərpa-quruculuq işlərində sahibkarlar da zaman keçdikcə daha fəal iştirak edəcək.

Qarşıda duran əsas vəzifələrdən biri işğaldan azad olunmuş ərazilərimizdə maliyyə infrastrukturunun yaradılması, həm müəssisə və təşkilatlara, həm də əhaliyə zəruri maliyyə xidmətlərinin təmin olunmasıdır. Artıq bərpa və qayıdış planlarına uyğun olaraq müvafiq maliyyə şəbəkəsinin yaradılması istiqamətində işlərə başlanılıb. Eyni zamanda, işğaldan azad olunmuş ərazilərdə müasir ödəniş sistemləri infrastrukturunun qurulması, biznes subyektlərinin və əhalinin nağd pula tələbatının ödənilməsi üzrə kompleks tədbirlər görülməkdədir. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında genişmiqyaslı bərpa və yenidənqurma ilə yanaşı, sürətli iqtisadi reinteqrasiya tədbirləri görülür, burada sahibkarlığın canlanması məqsədilə sağlam bünövrə yaradılır. Hazırda burada biznes qurmaq istəyənlərin sayı 2 mindən çoxdur. Sahibkarların müxtəlif güzəştlər əldə etməsi üçün əlverişli şərait yaradılıb və biznes fəaliyyəti stimullaşdırılır; aşağı icarə haqqı tətbiq edilir, kommunikasiya və logistik infrastruktur qurulur. Sənaye zonalarının avtomobil və dəmir yolu qovşaqlarının üzərində yerləşməsi yüklərin asan daşınmasına imkan verir. Ölkənin digər yerlərində fəaliyyət göstərən sənaye parklarından fərqli olaraq, işğaldan azad edilmiş ərazilərdəki sənaye parklarında kommunal, xammal, sosial sahələri əhatə edən əlavə güzəştlər paketi təklif edilir. Güzəştlər əsasən bunlardan ibarətdir: rezidentlər qeydiyyata alındığı vaxtdan başlayaraq, 10 il müddətinə mənfəət, əmlak, torpaq və sadələşdirilmiş vergidən azaddırlar, texnika, texnoloji avadanlıq və qurğuların, xammal və materialların idxalı ƏDV və gömrük rüsumundan azad edilib, məcburi dövlət sosial sığorta haqqı subsidiyalaşdırılır, vergi uçotuna alınan və istehsal fəaliyyəti ilə məşğul olan riskli vergi ödəyicisi olmayan sahibkarlara kommunal xidmətlərdən istifadəyə görə ödədikləri vəsaitin 20 faizi məbləğində maliyyə yardımı ödənilir, güzəştli kreditlər verilir.

Bunlardan əlavə, sahibkarlar bank və bank olmayan kredit təşkilatlarından əldə etdikləri kreditlər üzrə dövlət zəmanəti və subsidiyadan yararlana bilərlər. İnvestisiya layihəsi həyata keçirən sahibkarların məbləği 5 milyon manatadək, müddəti 7 ilədək, illik faiz dərəcəsi 15 faizədək olan biznes kreditlərinin 90 faizədək hissəsinə dövlət zəmanəti verilir. Bu kreditlərin illik faiz dərəcəsinin 10 faiz bəndi 36 aya qədər müddətdə dövlət tərəfindən subsidiyalaşdırılır. Şübhəsiz ki, işğaldan azad olunmuş ərazilərimizdə yaradılmış yeni sənaye parkları və sahibkarlar üçün tətbiq edilən güzəşt və stimullar bölgədə inkişaf və biznesin dirçəlişi üçün böyük investisiyaların cəlb edilməsində önəmli rol oynayacaq.

– COP29 hərəkatı, ölkəmizin bu çağırışlara və siyasətə fəal qoşulması çərçivəsində proseslərin ölkəmizdə sahibkarlığın inkişaf məsələlərinə qarşılıqlı təsirini necə qiymətləndirirsiniz?

– Bəli, məlum olduğu kimi, bu il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan olunub. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) Azərbaycanda keçiriləcək. Bütün ictimai institutlarımız kimi Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası da sahibkarlarla iş prosesində ətraf mühit məsələlərinə, yaşıl iqtisadiyyatın təbliğinə diqqəti daha da artırıb. Həmçinin ASK Beynəlxalq İşəgötürənlər Təşkilatı ilə birgə əməkdaşlıq çərçivəsində sözügedən tədbirlərdə nəzərdə tutulmuş pavilyonlarda iştirak edərək, ölkəmizin mövcud potensialı ətrafında qlobal miqyaslı tanınmış mütəxəssislərlə müzakirələrin təşkili istiqamətində işlər aparmaqdadır. Eyni zamanda, bu pavilyonda dünyanın ən məşhur şirkətlərinin iştirakı da nəzərdə tutulur. COP29-un Azərbaycan iqtisadiyyatına, o cümlədən sahibkarlıq sektoruna mühüm töhfələri olacaq. Bu tədbir, ilk növbədə, ölkəmizin imicinin yüksəldilməsinə xidmət edir ki, bu da ixrac qabiliyyətli müəssisələrimizə xarici investisiya cəlbi baxımından çox mühümdür. Digər bir vacib məsələ odur ki, Azərbaycanın enerji strategiyasının beynəlxalq səviyyədə dəstəklənməsində COP29 mühüm rola malikdir. Alternativ enerji strategiyası, alternativ enerji istehsalı, bu sahədə yerli biznes subyektlərinin yetişməsi daha çox investisiya və beynəlxalq əməkdaşlıq tələb edir. Bu məsələdə beynəlxalq əməkdaşlıq çərçivəsində layihələrin həyata keçirilməsinə böyük ehtiyac var. COP29 ölkədə turizmin və bu istiqamətdə infrastrukturun inkişafına da mühüm təkan verəcək. Bu sahədə yerli sahibkarlıq subyektlərinin inkişaf edəcəyini də xüsusi qeyd etməliyik. Tədbirin keçirilməsi ilə əlaqədar dövlət tərəfindən müxtəlif mexanizmlər yaradılır ki, bunlardan biri də bilavasitə güzəştli kreditlərin əldə olunması ilə bağlı mexanizmin tətbiq edilməsidir. Şübhəsiz ki, bu, sahibkarlıq subyektlərinin fəaliyyətini dəstəkləyən bir mexanizm kimi çıxış edəcək.

Back To Top