Yardımlıda Aqrar Biznes Festivalı keçirilib
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkil etdiyi Aqrar Biznes Festivalları davam edir. Növbəti festival Yardımlı rayonunda baş tutub.
İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondunun, İstehlak Mallarının Ekspertizası Mərkəzinin və Azərbaycan Sahibkarlar Konfederasiyasının birgə tərəfdaşlığı ilə keçirilən Aqrar Biznes Festivalına Yardımlı, Lerik, Astara, Lənkəran, Masallı rayonlarından fermerlər qatılıblar. Yardımlı Heydər Əliyev Mərkəzində keçirilən festivalda yüzlərlə fermer kənd təsərrüfatında yeniliklərlə tanış olub. Festivalda iştirak edən dövlət qurumlar öz xidmətləri barədə təqdimat edib, fermerlərin sorğularını cavablandırıblar.
Festivalda müxtəlif gübrə və pestisidlər, texnika və aqreqatlar, yeni texnologiyalar nümayiş edilib. Tədbir çərçivəsində kənd təsərrüfatı məhsullarının tədarükü və təchizatı ilə məşğul olan şirkətlər tərəfindən müxtəlif məhsullar satışa çıxarılıb, həmçinin Azərbaycan Kənd Qadınları Assosiasiyasının qadın üzvləri öz məhsullarının nümayişini və satışını həyata keçirib.
Festivalda COP29 tədbirinin prioritetlərinə uyğun olaraq alternativ enerji qurğuları, ekoloji məhsullar, iqlim dəyişikliyinə davamlı yerli meyvə-tərəvəz toxumları və məhsulları sərgilənib.
Bölgənin aqrar potensialının və perspektivinin müəyyən olunması və bölgəyə uyğun kənd təsərrüfatı sahələrinin inkişafı ilə bağlı aqrar sahədə ixtisaslaşmış şirkətlər öz uğurlu təcrübələrini, habelə təsərrüfatlarında tətbiq etdikləri innovativ texnologiyalar ilə bağlı məlumatları fermerlərlə bölüşüb. Festivalda özəl şirkətlərin aqronomları tərəfindən fermerlərə təlim keçirilib. Təqdimatdan sonra fermerlərin sualları mütəxəssislər tərəfindən cavablandırılıb.
Qeyd edək ki, Yardımlı rayonunda keçirilən Aqrar Biznes Festivalı cari ildə təşkil edilən sayca 12-ci festivaldır. Aqrobiznesin inkişafında rolu olan tərəfləri bir araya gətirən festivallarda maliyyə dəstəyi və dövlət güzəştlərindən daha çox fermer-sahibkarın faydalanması üçün şərait yaradılıb.