“DOST Müfəttiş layihəsi”, ƏMAS və əmək qanunvericiliyinə edilmiş dəyişikliklər mövzusuna həsr edilmiş tədbir keçirilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin, Nazirliyin tabeliyindəki Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın və Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı, Azərbaycan Sahibkarlar Konfederasiyasının dəstəyi ilə “DOST Müfəttiş layihəsi”, ƏMAS və əmək qanunvericiliyinə edilmiş dəyişikliklər mövzusuna həsr edilmiş tədbir keçirilib.
Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində fəaliyyət göstərən Əməyin Mühafizəsi Mərkəzinin İdarə Heyətinin sədri İlham Həsənov tədbir iştirakçılarına Xidmət və Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya ilə birgə icra olunan “DOST Müfəttiş” layihəsinin əhəmiyyəti barədə məlumat verərək bildirib ki, layihə çərçivəsində müəssisələrdə əmək münasibətləri və insan resursları üzrə cari vəziyyət ətraflı qiymətləndirilir, müvafiq istiqamətlər üzrə təlim və konsultasiyalar təşkil edilir. Layihənin məqsədi iş yerlərində əmək qanunvericiliyinin düzgün şəkildə tətbiqində, əmək münasibətlərinin qanunvericiliyə uyğun qurulmasında işəgötürənlərə dəstək olmaqdır. Layihə həmçinin müəssisələrə əmək qanunvericiliyinin tələblərinin tətbiqi vəziyyətini qiymətləndirməyə, əməyin mühafizəsinin standartlara uyğun təşkilinə yardım edir. İ. Həsənov qeyd edib ki, artıq 2 müəssisədə bu layihə uğurla həyata keçirilib.
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası prezidentinin müşaviri Ziya Hacılı “DOST Müfəttiş” layihəsinin əmək bazarı iştirakçıları üçün əhəmiyyətli olduğunu və layihənin sahibkarlığın inkişafına töhfə verəcəyini bildirib.
Tədbirdə “DOST Müfəttiş” layhəsi, Əmək və Məşğulluq Altsisteminə (ƏMAS) əlavə edilmiş son funksionallıqlar, əmək qanunvericiliyinə edilmiş son dəyişikliklər və SİMA rəqəmsal imza mövzularına dair təqdimatlar nümayiş etdirilib.
100-ə yaxın işəgötürən və nümayəndələrinin iştirakı ilə keçirilən interaktiv tədbirdə onları maraqlandıran suallar cavablandırılıb, müzakirələr aparılıb.