Bakı Fond Birjası və Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) “Qiymətli kağızlar vasitəsilə alternativ maliyyələşmə alətləri” mövzusunda tədbir keçirib
22 oktyabr 2024-cü il tarixində Bakı Fond Birjası və Azərbaycan Sahibkarlar Konfederasiyası korporativ sektor üçün “Qiymətli kağızlar vasitəsilə alternativ maliyyələşmə alətləri” mövzusuna həsr edilmiş tədbir təşkil edib.
Tədbiri çıxış sözü ilə Bakı Fond Birjasının Baş Kommersiya inzibatçısı Oqtay Qasımov açaraq yerli kapital bazarının şirkətlərin dayanıqlı inkişafına necə töhfə verə biləcəyi, uzunmüddətli və sabit maliyyə mənbələrinə çıxış imkanları, eləcə də bu bazardan korporativ hədəflərə nail olmaq üçün strateji istifadə mövzularını vurğulayıb. Tədbir iştirakçılarını salamlayan ASK prezidentinin müşaviri Ziya Hacılı yerli sahibkarların inkişafı üçün alternativ maliyyə alətlərindən məlumatlı olması vacibliyini qeyd edib.
Daha sonra Bakı Fond Birjasının Listinq şöbəsinin rəhbəri Anjela Ramazanova kapital bazarlarının inkişaf perspektivləri və korporativ sektor üçün açılan mühüm imkanlar haqqında dəyərli fikirlərini bölüşüb. Tədbirdə, həmçinin, Azərbaycanın dəyişən maliyyə ekosisteminin gələcəyini formalaşdıracaq yeni tendensiyalar və investisiya imkanlarından da bəhs edildi.
Tədbirdə maliyyə institutları, tənzimləyici orqanlar və korporativ sektor arasında davamlı əməkdaşlığın dayanıqlı və inklüziv iqtisadi inkişafın təmin edilməsində əhəmiyyəti vurğulanmış və kapital bazarının gələcək inkişafına dair növbəti addımların müzakirəsi aparılmışdır.