Qubada sahibkarlarla genişmiqyaslı görüş keçirilib
Quba İş Adamlarına Dəstək (QİAD) təşkilatı oktyabrın 25-də Qubada sahibkarlarla genişmiqyaslı bir görüş keçirib. Tədbirə 250-dən çox yerli və regional sahibkar, müxtəlif sahələrdən olan qonaq və iştirakçı qatılıb. Bu görüşün keçirilməsinin əsas məqsədi bölgədə iqtisadi və işgüzar əlaqələrin möhkəmləndirilməsi, sahibkarların öz aralarında əməkdaşlıq imkanlarını genişləndirmək, regional iqtisadi tərəqqiyə və inkişaf proseslərinə dəstək olmaqdır. Bununla yanaşı, sahibkarlığın təşviq edilməsi, ticarətin artırılması və xarici investisiyaların cəlb olunması da görüşün başlıca mövzuları arasındadır.
Tədbirdə Azərbaycan Sahibkarlar Konfederasiyası prezidentinin baş məsləhətçisi Fərid Vəlizadə çıxış edib. O bildirib ki, dövlət və özəl sektor arasında səmərəli tərəfdaşlığın keyfiyyətcə növbəti mərhələyə yüksəldilməsi və risklərin, məsuliyyətin dövlət və özəl sektor arasında optimal paylaşdırılması müasir dünyanın ən mühüm çağırışlarından biridir. Bu dayanıqlı inkişaf üçün mühüm alətlərdən hesab olunur və əsas məqsədi müvafiq investisiya mühitinin təkmilləşdirilməsi yolu ilə bu sahədə beynəlxalq investisiyaların ölkəmizə axınının stimullaşdırılmasından ibarətdir.
Bu hədəflərə nail olunmasında isə özəl sektorun üzərinə böyük məsuliyyət və öhdəliklər düşür və Azərbaycan sahibkarlar Konfederasiyası bu missiyanı uğurla icra etməkdə biznesə dəstək verməyə hazırdır.
QİAD rəhbərliyi vurğulayıb ki, bu cür tədbirlər sahibkarlığın inkişafına töhfə verməklə yanaşı, bölgədə iqtisadi şəbəkələrin genişləndirilməsi və tərəfdaşlıq imkanlarının artması üçün yeni perspektivlər açır. Gələcəkdə bu istiqamətdə daha çox belə görüşlərin keçirilməsi planlaşdırılır ki, bu da sahibkarlar arasında əməkdaşlığı daha da gücləndirəcək, regionun iqtisadi dayanıqlığını və dinamizmini təmin edəcək.
Beləliklə, Quba İş Adamlarına Dəstək təşkilatı bölgədə iqtisadi tərəqqini sürətləndirmək üçün sahibkarlarla sıx əməkdaşlıq edərək regionun dayanıqlı inkişafı naminə mütəmadi işlər aparmağı və uzunmüddətli layihələr həyata keçirməyi qarşısına məqsəd qoymuşdur.
Həmçinin tədbirdə bölgənin iqtisadi və turizm potensialı ilə bağlı məlumatlandırmaq, nəticədə turizmin və iqtisadiyyatın tərəqqisinə töhfə vermək məqsədilə “Niyə Quba?!” adlı kitabçanın təqdimatı edilmişdir.