ASK “KOB-ların yaşıl iqlim keçidi üçün Bakı Koalisiyası Bəyannaməsi”nə dəstək göstərir
“Yaşıl dünya naminə həmrəylik ili” və COP29 çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən irəli sürülmüş “KOB-ların yaşıl iqlim keçidi üçün Bakı Koalisiyası Bəyannaməsi”nə qoşulan qurum və təşkilatların sayı artmaqdadır.
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) və Konfederasiyaının ən aktiv üzvlərindən biri olan “Azərsun Holdinq” MMC-nin timsalında digər iş adamları bəyannaməni imzalayaraq yaşıl keçidə dəstəklərini ifadə ediblər. Bununla bağlı KOBİA ilə ASK və “Azərsun Holdinq” MMC arasında memorandumlar imzalanıb. Tərəflər Bəyannamə çərçivəsində iqlim dəyişmələri, yaşıl texnologiyalar, yaşıl sahibkarlıq və yaşıl iqtisadiyyat, maarifləndirmə və ətraf mühitin sağlamlaşdırılması tədbirləri üzrə əməkdaşlıq və birgə fəaliyyətlər həyata keçirəcəklər.
Qeyd edək ki, “KOB-ların yaşıl iqlim keçidi üçün Bakı Koalisiyası Bəyannaməsi” qlobal səviyyədə KOB-ların yaşıl iqtisadiyyata keçidi üzrə birgə səylərin birləşdirilməsi məqsədini daşıyır. Bu sənəd kiçik bizneslərə təcrübələri mənimsəməkdə kömək etmək üçün məlumatlılığın və potensialın artırılması, yaşıl maliyyəyə çıxışın yaxşılaşdırılması, innovasiyaların təşviqi kimi öhdəliklər götürür. Bəyannamədə həmçinin, KOB-ların yaşıl təchizat zəncirinə inteqrasiya etməsi və onların xalis sıfır emissiyaya keçidini asanlaşdırmaq üçün əməkdaşlıq və həll yolları vurğulanır. Artıq Beynəlxalq Ticarət Mərkəzi, Braziliyanın Mikro və Kiçik Müəssisələrə Dəstək Xidməti (SEBRAE) və BMT-nin iqlim dəyişikliyi üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai müvafiq bəyannaməni imzalayaraq öz dəstəklərini ifadə ediblər.