Azərbaycan Sahibkarlar Konfederasiyası ilə Gürcüstanda fəaliyyət göstərən azərbaycanlı iş adamlarının birliyi arasında Memorandum imzalandı
Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) ilə Azərbaycanlı İş Adamları Birliyi Gürcüstan (AZEBİ) arasında əməkdaşlıq memorandumu imzalanmışdır.
Memorandumu ASK-nın prezidenti Məmməd Musayev və AZEBİ-nin İdarə Heyətinin sədri Nəriman Qurbanov imzalayıb.
Onlayn formatda keçirilən tədbirdə Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev, AZEBİ-də təmsil olunan iş adamları və ASK-nın icra aparatının əməkdaşları iştirak ediblər.
Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev 44 gün davam edən Vətən müharibəsindəki şanlı qələbə münasibətilə xalqımızı təbrik edib. Səfir bildirib ki, prezident İlham Əliyevin rəhbərliyi altında Müzəffər Ordumuz böyük qəhrəmanlıqlar göstərib və Gürcüstanda yaşayan azərbaycanlılar həmin dövrdə soydaşları ilə həmrəylik nümayiş etdiriblər.
F.Quliyev bildirdi ki, Azərbaycan qonşu Gürcüstana 3,5 milyard dollar sərmayə yatırıb. Ümumilikdə Gürcüstanda Azərbaycan kapitallı 1000-dən çox şirkət qeydiyyatdan keçib. O, bu şirkətlərin AZEBİ ətrafında birləşərək təşkilatlanmasını aktivləşdirməyin, iş adamlarının qonşu ölkədə qarşılaşdıqları çətinliklər barədə vaxtında səfirliyə müraciət etməsinin əhəmiyyətini diqqətə çatdırdı.
Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev çıxışında müstəqil Azərbaycan dövlətinin keyfiyyətcə yeni olan və 2021‒2030-cu illəri əhatə edən strateji mərhələyə daxil olduğunu bildirib. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən Sərəncam imzalandığını vurğulayan M.Musayev, yeni strateji dövrdə özəl sektorun, xüsusilə də kiçik və orta sahibkarlığın inkişafının prioritetlər sırasında olduğunu qeyd edib. Konfederasiyanın prezidenti eyni zamanda yaxın gələcəkdə Türkiyə, Gürcüstan və Azərbaycandakı iş adamlarının birlikdə biznes-forum keçirməsinin vacibliyi barədə təkliflərini səsləndirdi.
Qeyd edək ki, Azərbaycanlı İş Adamları Birliyi Gürcüstan (AZEBİ) təşkilatı Gürcüstan və Azərbaycan arasında iqtisadi əlaqələri gücləndirmək, Gürcüstanda fəaliyyət göstərən azərbaycanlı sahibkarların təşkilatlanması, üzvlər arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi məqsədilə yaradılmışdır.