skip to Main Content

Azərbaycan Sahibkarlar Konfederasiyasının üzvləri üçün Ələt Azad İqtisadi Zonasının təqdimatı keçirilib

Azərbaycan Sahibkarlar Konfederasiyasının üzvləri üçün Ələt Azad İqtisadi Zonasının Təqdimatı Keçirilib

Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) təşkilatçılığı ilə sahibkarlar üçün Ələt Azad İqtisadi Zonasının təqdimatı keçirilib. Onlayn formatda keçirilən görüşdə Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev, Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin səlahiyyətli şəxsləri, ASK-nın xarici ölkələrdəki nümayəndələri və 100-dək sahibkar iştirak edib.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev bildirib ki, Azərbaycan prezidenti İlham Əliyev və ölkənin birinci vitse-prezidenti Mehriban xanım Əliyeva işğaldan azad edilən torpaqlarımıza yenidən qayıtmağımız üçün böyük işlər görürlər. Təməli qoyulan layihələrin, aparılan tikinti işlərinin müasir standartları əhatə etməsi və ən son texnologiyalara əsaslanması onu göstərir ki, 30 il işğalda qalan torpaqlarımız ölkəmizin ən müasir yaşayış məskənlərinə çevriləcək. M.Musayev müasir dövrdə azad iqtisadi zonalar xarici ticarət strategiyasının vacib halqalarından birini təşkil etməklə yanaşı, kapitalın ölkə iqtisadiyyatına cəlb olunması, ixrac səbətinin həm çeşidinin, həm də coğrafiyasının genişlənməsinə şərait yaratdığını vurğulayıb. “Azərbaycanın Şimal-Cənub, Şərq-Qərb ticarət marşrutlarının mərkəzində, eləcə də böyük bazarlara ən yaxın məsafədə yerləşməsi Azad Ticarət Zonasının iqtisadi səmərəliliyini artırmaqla, onun Mərkəzi Asiya, İran, Rusiya, Türkiyə, Yaxın Şərq bazarlarına xidmət etməsinə imkan verəcək” – deyə Konfederasiyanın prezidenti bildirib.

Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov hazırda görülən işlər barədə sahibkarlara məlumat verib. V.Ələsgərov iqtisadi zonanın qanunvericiliyi, şərtləri, qaydaları, orada yaradılan şərait haqqında danışıb. V.Ələsgərov bildirib ki, ölkə Prezidenti İlham Əliyev tərəfindən verilən tapşırıqlar əsasında Ələt Azad İqtisadi Zonasının fəaliyyətə başlaması üçün müvafiq işlərə artıq başlanılıb və investorlarla görüşlərə start verilib. “Ələt Azad İqtisadi Zonası regionda ən yaxşı şərait və şərtlər əsasında işləyəcək və idarə olunacaq. İşləmək istəyən hər bir sahibkara vaxt ayırmağa, daha geniş məlumatlar verməyə hazırıq”, – deyən V.Ələsgərov sahibkarları maraqlandıran sualları cavablandırıb.

Qeyd edək ki, görüşdə həmçinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin direktor müavini Natiq Həsənov, ASK-nın vitse-prezidentləri Vüqar Abbasov, Vüqar Zeynalov, Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədrinin müavini İsmayıl Manafov, Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun biznesin inkişafı üzrə meneceri Xavər Baharova  və 100-dək sahibkar iştirak edib.

Back To Top