“Qazaxıstanda biznes mühiti və investisiya imkanları” mövzusunda görüş keçirilib
İyunun 29-da Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Qazaxıstan Respublikasındakı nümayəndəsi Zakir Binnətli sahibkarlarımız üçün “Qazaxıstanda biznes mühiti və investisiya imkanları” mövzusunda görüş keçirib. Onlayn formatda keçirilən görüşdə Azərbaycan Sahibkarlar Konfederasiyasının xarici ölkələrdəki nümayəndələri, sahibkarlar iştirak ediblər.
Görüşü açan Konfederasiyanın baş katibinin müavini Fuad Hümbətov təqdimatla çıxış edib. Təqdimatda Azərbaycan Sahibkarlar Konfederasiyasının fəaliyyəti, beynəlxalq təmsilçilik imkanları, hazırda üzv olduğu beynəlxalq biznes və işəgötürənlər təşkilatları ilə əməkdaşlıq əlaqələri barədə məlumatlar öz əksini tapıb.
Sonra Qazaxıstandakı biznes mühiti və azad iqtisadi zonalar haqqında geniş təqdimat dinlənilib. Z.Binnətli Qazaxıstan hökumətinin xarici investorlara dəstəyi, Azərbaycan şirkətlərinin bu ölkədəki əsas fəaliyyət istiqamətləri, xüsusi vergi, gömrük güzəştləri, tenderlərdə iştirak qaydaları haqqında məlumat verib.
Sonda Z.Binnətli sahibkarları maraqlandıran sualları cavablandırıb. Görüşdə qərara alınıb ki, Qazaxıstan Respublikasının Ticarət və Sənaye Palatasının (ATAMEKAN) dəstəyilə Qazaxıstandan olan investorlar üçün Azərbaycanın biznes mühiti, xüsusilə azad olunmuş torpaqların iqtisadi imkanları və Ələt Azad Iqtisadi Zonasının təklifləri ilə bağlı xüsusi təqdimat keçirilsin.