skip to Main Content

TESK ilə birgə “Fəaliyyət Planı” müzakirə edilib

TESK Ilə Birgə “Fəaliyyət Planı” Müzakirə Edilib

Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə Türkiyə Esnaf və Sənətkarlar Konfederasiyası (TESK) arasında video-konfrans keçirilib. Görüşdə kiçik və orta biznes sahəsində əməkdaşlıq imkanları, Azərbaycan Sahibkarlar Konfederasiyası ilə TESK arasında imzalanmış Anlaşma Memorandumunun icrası, Fəaliyyət Planının müzakirəsi və təsdiq edilməsi məsələləri müzakirə edilib.

Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev Türkiyə ilə Azərbaycan prezidentlərinin dostluq və qardaşlığının iqtisadi sahədə əməkdaşlığın inkişafına da möhkəm zəmin yaratdığını bildirdib. Konfederasiya ilə TESK arasında imzalanmış əməkdaşlıq memorandumu üzrə birgə fəaliyyət planına dair öz təkliflərini irəli sürüb.

TESK prezidenti Bendevi Palandöken Azərbaycanın Qarabağ torpaqlarını işğaldan azad edərək önəmli zəfərə imza atdığını söyləyib. Azərbaycan prezidenti İlham Əliyevlə görüşünü xatırladan Bendevi Palandöken ticarət dövriyyəsi ilə bağlı dövlətlərimizin qarşıya qoyduğu hədəflərə çatmaq üçün əməkdaşlıq imkanlarını daha geniş araşdırmağın lazımlığını qeyd edib.  Azərbaycan Sahibkarlar Konfederasiyası ilə çox yaxşı əməkdaşlıq əlaqələrinin qurulduğunu vurğulayaraq birgə layihələrə başlanmağın vaxtı çatdığını söyləyib. “Azərbaycanlı sahibkarlarla işbirliyinə hazırıq”, – deyə Palandöken vurğulayıb.

Konfederasiyanın vitse-prezidenti, eyni zamanda Naxçıvan Sahibkarlar Konfederasiyasının sədri Vüqar Abbasov Türkiyənin quru sərhədinin məhz Naxçıvanla olduğunu xatırladaraq Naxçıvan-Iğdır platformasının imkanlarına toxunub. Türkiyədən olan sahibkarları Azərbaycanın regionlarında iş qurmağa dəvət edən V.Abbasov regionlarımızda kadr və sənətkarlara ehtiyacın daha çox olduğunu söyləyib.

Sonra Azərbaycan Sahibkarlar Konfederasiyası Baş katibinin müavini Fuad Hümbətov və TESK-in Avropa Birliyi və xarici əlaqələr üzrə mütəxəssisi Selin Turqay təmsil etdikləri qurumları əsas fəaliyyət istiqamətləri barədə təqdimatlarla çıxış ediblər.

Back To Top