Azərbaycan-Yaponiya investisiya forumu keçirilib
Oktyabrın 4-də, “Mariott Baku Boulevard” oteldə Yaponiya-Azərbaycan investisiya forumu keçirilmişdir.
Forumda çıxış edən Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev qonaqları salamlayıb. O, çıxışında bildirib ki, 8 Noyabr – Zəfər günündən ötən qısa müddətdə müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyilə Qarabağda başlamış quruculuq işləri uğurla davam edir. Azərbaycan azad edilmiş torpaqlarında dünyanın ən son texnoloji uğurlarını tətbiq edərək, Ağıllı kənd, Ağıllı Şəhər layihələrini sürətlə həyata keçirir. Qarabağda və Şərqi Zəngəzurda müasir şəhərsalma standartlarına uyğun quruculuq işləri, iqtisadiyyatın bərpa edilməsi və dirçəldilməsi üçün böyük investisiya imkanları yaradır.
Bu imkanlar barədə bugünkü tədbirdə yapon investorlara da məlumat verilib. Qeyd edilib ki, Yaponiya şirkətləri Azərbaycanda neft-qaz və energetika sənayesində aktiv fəaliyyətə, ölkəmizdə kommunikasiyaların yenidən qurulması və təchizatı, ekologiya, infrastruktur, Azərbaycan mütəxəssislərinin təlimi və s. sahələrdə yaxından iştirak edirlər. 2020-ci ilin yekunlarına görə, Azərbaycanla Yaponiya arasında ticarət dövriyyəsi 200 milyon ABŞ dollarıdır.
Tədbirdə vurğulanıb ki, Azərbaycan Sahibkarlar Konfederasiyası müxtəlif beynəlxalq təşkilatlar və investorlarla əlaqələr yaratmaq imkanlarından geniş istifadə edir. Yapon investorlarının təsis etdiyi TET International Development şirkəti Azərbaycan Sahibkarlar Konfederasiyasının fəal üzvlərindən biridir. Son iki ildə TET şirkəti Zaqatala, Oğuz, Şəki və Tovuz rayonlarında 4 tütün emalı müəssisəsi açaraq ümumilikdə 10 milyon ABŞ dollardan artıq investisiya yatırmışdır.
Sonra forumda Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, Yaponiyanın Azərbaycandakı səfirliyinin İqtisadi Şöbəsinin rəhbəri Amada Shunichi, KOBİA-nın İdarə Heyətinin sədrinin birinci Natiq Nəsənov, TET International Development şirkətinin rəhbəri Taro Savada çıxış ediblər.
Forum çərçivəsində Yaponiyanın “TET International Development” şirkəti ilə Azərbaycan Sahibkarlar Konfederasiyası arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. Sənəd birgə layihələrin hazırlanmasını, əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, birgə fəaliyyət istiqamətlərinin müəyyən edilməsini, Yaponiya və Azərbaycan arasında ticarət dövriyyəsinin artırılmasını və Azərbaycanın iqtisadiyyatının müxtəlif sektorlarına əlavə investisiyasının cəlb edilməsini nəzərdə tutur.
Qeyd edək ki, bu il sentyabrın əvvəlində yapon investorlarının ilk nümayəndə heyəti ölkəmizə biznes səfəri etmişdir. Azərbaycan Sahibkarlar Konfederasiyası onları ölkəmizin investisiya imkanları ilə tanış etmiş və Şəki, Zaqatala rayonlarında keçirilən görüşlərin təşkilində dəstək vermişdir. Görüşlərin nəticəsi olaraq, bəzi qeyri-neft sektoru məhsullarının Yaponiyaya ixracı barədə ilkin razılıqlar əldə olunub, eyni zamanda qonaqları maraqlandıran sahələrlə bağlı suallara cavablar verilib.