Türk Ticarət və Sənaye Palatası nəzdində Qadın Sahibkarlar Komitəsinin sədrliyi Azərbaycana verildi
Bu il noyabrın 11-də Türk Ticarət və Sənaye Palatasının “Türk Biznes Forum”u çərçivəsində Qadın Sahibkarlar Komitəsinin birinci iclası keçirilib.
Qadın Sahibkarlar Komitəsinin missiyası, ixtisaslı qadın sahibkarların müəyyənləşdirilməsi, güclü cəmiyyətin yaradılması, ölkələrdə qadın sahibkarlığın potensialının artırılması və qadınlar arasında sahibkarlıq mədəniyyətinin inkişafından ibarətdir.
Noyabrın 10-da keçirilən Türk Ticarət və Sənaye Palatasının 3-cü Baş Assambleyası zamanı, Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev Türk dünyası Qadın Sahibkarlar Komitəsində sədrliyin Azərbaycana verilməsi təşəbbüsünü irəli sürmüş və bu təşəbbüs Türk Ticarət və Sənaye Palatasının dönəm sədri olan TOBB prezidenti cənab Rifat Hisarcıklıoğlu tərəfindən dəstəklənmişdir. Çıxışlar zamanı, son illər Azərbaycanda qadın sahibkarlığın sürətlə inkişaf etdiyi və bunun Türk dünyasında qadın sahibkarlığın inkişafına böyük töhfə verəcəyi bildirilmişdir.
Komitəyə Azərbaycan Sahibkarlar Konfederasiyasının Rəyasət Heyətinin üzvü, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının sədri xanım Səkinə Babayevanın namizədliyi irəli sürülüb.
Qadın Sahibkarlar Komitəsinin strukturunun formalaşdırılması məqsədilə Türk Şurasına üzv olan ölkələrdə fəaliyyət göstərən qadın sahibkarların iştirakı ilə səsvermə keçirilib. Səsvermə nəticəsində Səkinə Babayeva 2 il müddətinə Komitənin sədri seçilib.
Qeyd edək ki, 24 noyabr 2020-ci il tarixində Türk Ticarət və Sənaye Palatasının onlayn formatda keçirilən 2-ci Baş Assambleyasında Türk Ticarət və Sənaye Palatası nəzdində Qadın və Gənc Sahibkarlar Komitələrinin yaradılması haqqında razılıq əldə olunmuşdur.