ADA Universitetinin rektoru və Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Qazax Müəllimlər Seminariyasının binasının tikinti-bərpa prosesləri ilə tanış olublar
Bu il noyabrın 29-da ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev, ADA Universitetinin ABŞ-dakı Mərkəzinin prezidenti Qalib Məmməd və Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayevin daxil olduğu nümayəndə heyəti Qazax Müəllimlər Seminariyasının təmir və bərpa işləri ilə tanış olublar.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun iştirakı ilə qonaqlar Seminariyada olublar. Tikinti şirkəti aparılan işlər barədə və inşaat, bərpa işlərinin başa çatdırılması ilə bağlı qarşıya qoyulan planlar haqqında ətraflı məlumatlar veriblər.
Qeyd edək ki, ADA Universitetinin “Bir müəllimin manifesti” təşəbbüsü çərçivəsində təhsil tariximizin incisi olan Qazax Müəllimlər Seminariyasının binasının bərpası və tikintisi üzrə “Niyyət sazişi” bu il oktyabrın 1-də imzalanıb. Sazişi Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin sədri Məhəmməd Abdullayev, “NEQSOL Holding”in baş direktoru Yusif Cabbarov, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev və ADA Universiteti Fondunun prezidenti Natiq Hacıyev imzalayıblar.
Sazişi imzalamaqla tərəflər Seminariyanın təlim-tədris ənənələrini yaşatmaq üçün onun binasının bərpasını öz üzərilərinə götürdüklərini bəyan ediblər və bu məqsədlə nəzərdə tutulan işlərin icrasına artıq başlanılıb.