Azərbaycan Sahibkarlar Konfederasiyası ilə Polatlı Ticarət Palatası birgə “POLTEK” onlayn sərgi platforması açdılar
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə Türkiyənin Polatlı Ticarət Palatası birgə “POLTEK” onlayn sərgi platformasının açılışını etdilər.
Bu münasibətlə keçirilən onlayn tədbirdə Polatlı Ticarət Palatasının sədri Ülvi Sakarya çıxış edərək, bu platformanın sahibkarlarımız arasında əməkdaşlıq üçün unikal imkan yaratdığını bildirib. Azərbaycan Ticarət və Sənaye Palatası sədr müavini Nazim Tatlıyev isə çıxışında ölkələrimiz arasındakı iqtisadi əlaqələrə toxunub. Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov onlayn sərgi platformasının hər iki ölkə sahibkarlarının məhsullarının tanınmasında mühüm rolu olacağını bildirib.
Sonra tədbirdə platformada hazırda sərgilənən bəzi məhsulların təqdimatı keçirilib.
Qeyd edək ki, 25 fevral 2022-ci il tarixindən açılan onlayn sərgidə ASK üzvləri bir ay boyunca həm sərgini ziyarət edə, həm də öz məhsullarını nümayiş etdirə bilərlər.
Eyni zamanda, qeydiyyatdan keçən şirkətlər 1 il boyunca öz məhsullarını ödənişsiz olaraq, https://www.globalpiyasa.com/en/ saytı üzərindən təqdim etmək imkanı qazanırlar.
Sərgidə qeydiyyat üçün link: https://poltekdigital.globalpiyasa.com/tr/fairs.aspx