“Cleantech Latvia” şirkətlər qrupu ilə Azərbaycan Sahibkarlar Konfederasiyasında görüş keçirilib
2022-ci il mayın 5-də Latviyanın “Cleantech Latvia” şirkətlər qrupunun nümayəndə heyəti Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasında görüş keçiriblər.
Görüşdə “Cleantech Latvia” klasterin ə daxil olan şirkətlərin nümayəndələri iştirak ediblər. Baş katib əvəzi Kristina Məmmədova Konfederasiyanın fəaliyyət istiqamətləri, regional və beynəlxalq səviyyədə təmsilçilik şəbəkəsi barədə geniş məlumat verib.
Belə ki, ASK-nın ölkəmizin özəl sektorunu Beynəlxalq Əmək Təşkilatı, Beynəlxalq Sənayeçilər və Sahibkarlar Konqresi, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Biznes Şurası, İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatası, İpək Yolu Beynəlxalq Ticarət və Sənaye Palatası, Türk Ticarət və Sənaye Palatası, və digər nüfuzlu beynəlxalq qurumlarda təmsil etməsi və ötən dövrdə 21-dən çox xarici ölkədə rəsmi nümayəndəliklərini açması qonaqların diqqətinə çatdırılıb.
“Cleantech Latvia” klasterinin İcraçı direktoru Evia Pudane ölkəmizdə kənd təsərrüfatı, su sənayesi, informasiya texnologiyaları, peşə təhsili, tikinti üzrə mühəndislərin sertifikasiyası kimi sahələrlə bağlı ölkəmizdə mövcud olan iş imkanları ilə maraqlanıb.
Latviyalı iş adamlarına Azərbaycanın kənd təsərrüfatı, aqrar sahə xüsusən, işğaldan azad olunan ərazilərdə mövcud olan potensial və xarici investorların bu sahəyə göstərdiyi maraq barədə ətraflı məlumatlar verilib. Bununla yanaşı, ölkəmiz üçün klasterlərin yaradılması ilə bağlı Latviya təcrübəsinin maraqlı ola biləcəyi vurğulanıb.