Azərbaycan sahibkarları ilə Belarus sahibkarları arasında müqavilələr imzalandı
Mayın 18-də Bakı Expo Mərkəzində Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov və Belarus Ticarət-Sənaye Palatasının sədri Mixail Myatlikovun iştirakı ilə sahibkarlar üçün görüş keçirilib. Görüşdə çıxış edən Vüqar Zeynalov Azərbaycan Sahibkarlar Konfederasiyasının fəaliyyəti, beynəlxalq tərəfdaşları və ölkəmizin ixrac imkanları ilə bağlı məlumat verib. Həmçinin işğaldan azad olunmuş Qarabağ torpaqlarında görülən işlər, bu ərazilərin investisiya cəlbediciliyi barədə çıxış edib.
Mixail Myatlikov da öz növbəsində Belarus Ticarət-Sənaye Palatasının fəaliyyəti, ixrac missiyaları barədə geniş məlumat verib.
Görüşün sonunda Azərbaycan və Belarus şirkətləri arasında 55 mln. ABŞ dolları dəyərində 12 müqavilə imzalanıb.
“Ümumi məbləği təxminən 55 mln. dollar olan bir sıra müqavilələr imzalanıb. Yeni əlaqələr qurulur. Düşünürəm ki, yaxın bir neçə gün ərzində yeni müqavilələr barədə eşidəcəyik”, – Mixail Myatlikov bildirib.
Onun sözlərinə görə, əsas müqavilələr ağac emalı sektorunda bağlanıb. Bunlara faner (17,9 mln. dollar), taxta piltələr (14,4 mln. dollar), laminat döşəmə (7,4 mln. dollar), taxta-şalban (2,1 mln. dollar), yapışqan faner (5,3 mln. dollar), üçqat sellülozla üzlənmiş taxta (2,4 mln. dollar) tədarükü üzrə müqavilələr daxildir.
Digər aktual sahə qidadır. Quru süd məhsulları (2 mln. dollar), uşaq qidası və digər ixtisaslaşdırılmış məhsulların (1,2 mln. dollar) tədarükünə dair kommersiya müqavilələri imzalanıb.
Həmçinin, 1 mln. dollar dəyərində şüşə və büllur məmulatlarının tədarükünə dair müqavilə və Azərbaycan bazarına müxtəlif növ məhsulların tədarükü üçün bir sıra digər müqavilələr imzalanıb.