Azərbaycan Sahibkarlar Konfederasiyasının Almaniya üzrə nümayəndəsi təyin olundu
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının xarici ölkələrdə yeni nümayəndəliklərinin açılması istiqamətində fəaliyyəti çərçivəsində Almaniya Federativ Respublikasında nümayəndə təyin edib. Bu vəzifəni Azərbaycan vətəndaşı olan Elnur Hüseynov icra edəcək.
Məlumat üçün bildirək ki, Elnur Hüseynov 29 yanvar 1987-ci il tarixində Azərbaycan Respublikasında anadan olub. O, 2004-2008-ci illərdə Dövlət İdarəçilik Akademiyası İnzibati idarəetmə üzrə bakalavr dərəcəsinə, 2008-2010-cu illərdə isə Willy Brandt Erfurt Universitetindəki İctimai Siyasət Məktəbində (Willy Brandt School of Public Policy University of Erfurt) İctimai Siyasət və biznesin idarə olunması üzrə magistr dərəcəsinə yiyələnib. 2010-2016-cı illərdə isə Berlin Azad Universitetində (Free University Berlin) doktorantura dərəcəsini əldə edib.
E.Hüseynov əmək fəaliyyətinə 2006-cı ildən başlayıb. Belə ki, 2006-2008-ci illərdə AYAFE-də ( Avropanın Gənc Dostları Assosiasiyası QHT) komanda rəhbəri və layihə koordinatoru vəzifəsində çalışıb. Daha sonra 2010-2015-ci illərdə Enerji Səlahiyyətləri Mərkəzində Beynəlxalq münasibətlər və strateji təhlil/inkişaf şöbəsinin müdiri olaraq fəaliyyyət göstərib, 2015-2019-cu illərdə Korporativ Enerji Gr. GmbH & Co. KG- da Biznesin inkişafı departamentinin direktoru, 2019-2020-ci illərdə Biznesin inkişafı və Startup departamentinin direktoru vəzifəsində çalışıb.
Bununla yanaşı, o, 2018-ci ildən etibarən Alman Rus İqtisadi Birliyində Xarici məsləhətçi olaraq fəaliyyət göstərməklə bərabər öz şəxsi biznesini quran bir sahibkardır.
E.Hüseynov Azərbaycan, Rus, İngilis, Türk və Alman dillərini yüksək səviyyədə bilir.