skip to Main Content

Özbəkistan sahibkarları Azərbaycanda işgüzar səfərdədir

Özbəkistan Sahibkarları Azərbaycanda Işgüzar Səfərdədir

Özbəkistan Ticarət və Sənaye Palatasının sədr müavini Farhodjon Toşpulatovun rəhbərlik etdiyi 20-dən çox özbək sahibkarı Azərbaycanda işgüzar səfərdədir.

Azərbaycan Sahibkarlar Konfederasiyasının təşkilatçılığı ilə keçirilən üçgünlük səfər qrafiki üzrə görüşlər davam edir.

İyunun 20-də özbəkistanlı sahibkarlar İqtisadi Zonaların İnkişafı Agentliyində sənaye parkları haqqında ətraflı məlumat əldə ediblər və Sumqayıt sənaye parkındakı müəssisələrlə tanış olublar. Nümayəndə heyəti həmin gün “Azərsun Holdinq”də də görüş keçirib və qarşılıqlı maraq doğuran sahələr üzrə konkret danışıqlar aparılıb. KOBİA-da görüşdə isə Özbəkistan tərəfi Azərbaycanın kiçik və orta biznesin inkişafı ilə bağlı təcrübəsi ilə maraqlanıblar.

İyunun 21-də isə Hyatt Regency otelində Azərbaycan-Özbəkistan biznes-forumu keçirilib. Forumu açan Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Jalə Hacıyeva eyni kökün, eyni mədəniyyətin daşıyıcısı olan iki xalq arasında iqtisadi əməkdaşlığın ildən-ilə yüksəldiyini bildirib.

“İyunun 20-sində Azərbaycan Prezidenti cənab İlham Əliyevin Özbəkistana rəsmi səfəri olmuşdur və bu səfər ölkələrimiz arasında iqtisadi əməkdaşlıqda yeni imkanlar açır.

Bugün isə yəni iyunun 21-də Özbəkistanın 20 iş adamı Bakıda keçiriləcək B2B görüşlərə qatılıb. Bu çox sevindirici haldır və biznes nümayəndələrinin qarşılıqlı əməkdaşlıqda maraqlarının yüksək olduğunu göstərir”- deyə Jalə Hacıyeva vurğulayıb.

Qeyd edim ki, ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi son 5 ildə 6 dəfə artıb. 2021-ci ildə 112 milyon dollar təşkil edib. 2020-ci illə müqayisədə, 2021-ci ildə Özbəkistan Respublikası ilə ticarət dövriyyəsi 35,98 faiz, o cümlədən idxal 32,48 faiz, ixrac isə 44,95 faiz artmışdır.

Özbəkistan Ticarət və Sənaye Palatasının sədr müavini Farhodjon Toşpulatov bildirib ki, Özbəkistanda Azərbaycan kapitallı 234 şirkət fəaliyyət göstərir və onların çoxu turizm, kənd təsərrüfatı və digər xidmət sahələrində çalışır.

“İnanırıq ki, bu forum da ölkələrimiz arasında yeni iqtisadi əməkdaşlıq imkanları açacaq”- deyə Toşpulatov qeyd edib.

Back To Top