skip to Main Content

“Cənubi Qafqazda Peşə təhsilinə dəstək” layıhəsinin yekunlarına həsr olunan Dəyirmi Masa təşkil edildi

“Cənubi Qafqazda Peşə Təhsilinə Dəstək” Layıhəsinin Yekunlarına Həsr Olunan Dəyirmi Masa Təşkil Edildi

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) ilə Almaniyanın Bildungswerk der Wirtschaft Mecklenburg-Vorpommern e. V. Tədris Mərkəzinin birgə həyata keçirdiyi “Cənubi Qafqazda Peşə təhsilinə dəstək” layıhəsinə yekun vurulub. Bununla bağlı bu il sentyabr 23-də Bakıda “Cənubi Qafqazda Peşə Təhsilinin Inkişafına Dəstək: layihənin davamlılıq amilləri və çağırışlar” mövzusunda Dəyirmi Masa keçirilib. Tədbirdə layihənin ümumiləşdirilməsi aparılıb və davamlılıq amilləri, yeni çağırışlar müzakirə olunub.

Layihənin Azərbaycan üzrə koordinatoru Sədaqət Qəmbərova bildirib ki, layihə çərçivəsində Bakı, Gəncə, Xaçmaz və Lənkəranda 234 müəssisədə əmək bazarının monitorinqi və analizi aparılıb, 11 müəssisədə “Açıq qapı” günləri keçirilib və bu tədbirlərdə 195 şagird, 22 müəllim iştirak edib.

Sosial tərəfdaşların və beynəlxaiq təşkilatların iştirakı ilə “Sahibkarlıq-peşə təhsili əməkdaşlığı” mövzusunda Milli Konfrans, sahibkarlıq düşüncəsinin formalaşdırılması üçün “Öz biznesinə başla (Start-up), “İş axtarma, özün iş yeri yarat” təlimləri iştirakçılar arasında böyük rəğbət qazanıb.

Eyni zamanda, “Yumşaq bacarıqlar” (Soft skills) təlimlərində 12 məktəbdən 516 müəllim və tələbə iştirak edib.

“Yeni Peşələrin Atlası” yaradılıb, peşələrin tanıdılması və iştirakçıların peşə maraqlarını müəyyən etmək üçün bir neçə oyun keçirilib.

Layihənin mentorların hazırlanması proqramı çərçivəsində 40 nəfər mentor hazırlanıb və Almaniya təcrübəsi əsasında “Şagird firmaları” Konsepsiyası yaradılıb. Layihə çərçivəsində şagird firmalarının təsis edilməsinə dair təlimat kitabçası nəşr edilib, almaniyalı və yerli ekspertlər tərəfindən peşə təhsili mərkəzlərinin müəllimləri üçün “Şagird firmaları” mövzusunda təlimlər keçirilib. Bu sahədə çalışan müəllimlərin peşəkarlığının yüksəldilməsi məqsədilə beş günlük biznes təlimlər də uğurla baş tutub. Həmçinin şagird firmaları ilə bağlı Almaniya təcrübəsini öyrənmək üçün müəllimlərin Almaniyanın Leypsiq şəhərinə səfəri təşkil edilib, peşələr üzrə master-klasslar yüksək maraqla qarşılanıb.

Tədbirdə layihənin verdiyi töhfələrlə bağlı digər iştirakçılar, o cümlədən layihənin ekspert İlqar Əsədov çıxış edib. O, əmək bazarının monitorinqi ilə bağlı maraqlı təqdimatı iştirakçıların diqqətinə çatdırıb.

Azərbaycan Sahibkarlar Konfederasiyasının baş katibi Kristina Məmmədova və layihənin rəhbəri xanım Ute Fock və ASK prezidentinin baş məsləhətçisi Şəbnəm Nuriyeva görülən işlərdən məmnunluqlarını ifadə ediblər.

Tədbirdə Peşə Təhsili üzrə Dövlət Agentliyi və Məşğulluq Mərkəzinin nümayəndələri, layihə ekspertləri, tərəfdaş peşə təhsili məktəblərinin rəhbərləri, müəllimlər və özəl sektorun nümayəndələri iştirak ediblər.

Back To Top