Azərbaycan Sahibkarlar Konfederasiyası ilə Qırğızıstan Sənayeçilər və Sahibkarlar İttifaqı arasında əməkdaşlıq müzakirə olundu
Bugün Azərbaycan Sahibkarlar Konfederasiyası ilə Qırğızıstan Sənayeçilər və Sahibkarlar İttifaqı arasında onlayn formatda görüş keçirilib. Görüşü açan Qırğızıstan Sənayeçilər və Sahibkarlar İttifaqı prezidenti Danil Tursunbekoviç İbraev bu yaxınlarda baş tutan “Bişkek investisiya sammiti”ndə Azərbaycan Sahibkarlar Konfederasiyasının aktiv iştirakına görə Konfederasiyanın prezidenti Məmməd Musayevə təşəkkürünü bildirib. Ölkələrimizin işgüzar dairələri arasında əməkdaşlıq imkanlarını genişləndirməyi təklif edən Danil İbraev, ASK rəhbərini ölkəsinə işgüzar səfərə dəvət edib.
Məmməd Musayev görüş üçün təşəkkürünü bildirib və Qırğızıstanın qardaş ölkə olduğunu vurğulayaraq əməkdaşlıq təklifi üçün öz təşəkkürünü ifadə edib. Türk Ticarət və Sənaye Palatası çərçivəsində ölkələrimiz arasında görüşlərin və biznes-forumların səmərəli olduğunu qeyd edib.
Konfederasiya rəhbəri işbirliyini genişləndirmək üçün 2023-cü ildə daha sıx çalışmağın lazım olduğunu deyib. O, Azərbaycanın logistika mərkəzi kimi yükdaşımalarda ön mövqeyə çıxdığını qeyd edərək, bir neçə sahədə konkret əməkdaşlıq imkanlarının mövcudluğunu diqqətə çatdırıb. Qarşılıqlı biznes missiyaların təşkil edilməsi və digər tədirlər üçün “yol xəritəsi” hazırlamağı təklif edib.
Danil İbraev konkret layihələr və sahələr üzrə işbirliyi imkanları ilə bağlı İttifaqın plan hazırladığını qeyd edib. Həmçinin Qırğızıstanın idxal-ixrac dövriyyəsi ilə bağlı məlumatların, ticarət dövriyyəsini genişləndirmək üçün mövcud imkanların göstərildiyi xüsusi məlumatların azərbaycanlı sahibkarların diqqətinə təqdim ediləcəyini bildirib.
Görüş zamanı qarşılıqlı əməkdaşlıq üçün Bişkek və Bakıda biznes-forumun keçirilməsi və memorandum imzalanması barədə razılıq əldə olunub.