2022-ci ilin ən yaxşı müəssisələrinin mükafatlandırılması tədbrində Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti iştirak etdi
28 Aprel – Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunan “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə 2022-ci ilin ən yaxşı müəssisəsi (təşkilatı)” respublika müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən təşkil olunan tədbirdə AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin birinci müavini Natiq Həsənov, BƏT-nin Azərbaycan üzrə əlaqələndiricisi Yaşar Həzəyev, AHİK-in üzv və tabe təşkilatlarının sədrləri, müsabiqədə qalib olmuş müəssisələrin rəhbərləri, KİV nümayəndələri və digər şəxslər iştirak ediblər.
Çıxış edənlər Azərbaycanın iqtisadi göstəricilərindən, bütün sahələrdə qaznılmış nailiyyətlərdən, ölkəmizdə əməyin mühafizəsi, sağlam və təhlükəsiz iş şəraitinin yaradılması istiqamətində görülən işlərdən, bədbəxt hadisələrin, istehsalat zədələrinin, peşə xəstəliklərinin qarşısının alınması məqsədilə müvafiq qurumların, o cümlədən həmkarlar ittifaqlarının atdığı addımlardan bəhs ediblər.
Sonra müsabiqənin qalibi olmuş 23 sahə üzrə həmkarlar ittifaqını təmsil edən 48 müəssisəyə diplomlar və hədiyyələr təqdim olunub.
Məlumat üçün əlavə edək ki, 2022-ci ildə “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” devizi ilə əlaqədar AHİK-in müsabiqə komissiyasına müsabiqədə iştirak etmiş 2150-dən artıq müəssisə, təşkilat, sex və sahədən yalnız 48 ən yaxşı müəssisənin sənədi daxil olub. Həmin 48 qurunun yüksək göstəriciləri müəyyənləşdirilərək İcraiyyə Komitəsinin müzakirəsinə verilib və onlar yekdilliklə qalib elan ediliblər.
Qeyd edək ki, “Sağlam və təhlükəsiz əmək şəraiti yaradılmasında ilin ən yaxşı müəssisəsi (təşkilatı)” adı uğrunda müsabiqə AHİK-in təşəbbüsü ilə 2009-cu ildən hər il keçirilir. Müsabiqənin məqsədi işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması, bu sahəyə cavabdeh olan şəxslərin məsuliyyətinin artırılması, həmçinin işəgötürənlərin əməyin mühafizəsi məsələlərinə daha diqqətlə yanaşmasına nail olmaqdır. Ötən dövr ərzində müsabiqəyə 22 000-dən çox müəssisə və təşkilat qatılıb, onlardan 530-u qalib elan olunaraq fəxri fərman və hədiyyələrlə mükafatlandırılıb.