“Astana – gələcəyin şəhəri” adlı beynəlxalq forum keçirilib
İyulun 2-5-i tarixlərində Qazaxıstanın Astana şəhərinin yaranmasının 25 illiyi münasibətilə “Astana – gələcəyin şəhəri” adlı beynəlxalq forum keçirilib. Forum çərçivəsində tibbi turizmə həsr olunmuş plenar toplantı təşkil edilib.
Tədbirdə ölkəmizi Azərbaycan Sahibkarlar Konfederasiyasının “Turizm və xidmət üzrə iş” Komissiyasının sədri Ruslan Quliyev təmsil edib. R.Quliyev “Ölkələrarası sağlamlıq turizminin inkişafında assosiativ fəaliyyətin və QHT quruluşlarının rolu” mövzusunda çıxış edib.
Qlobal tibbi turizm bazarının inkişafı üzrə nüfuzlu ekspertlərin iştirakı ilə baş tutan sessiyada bazarın hazırkı vəziyyəti araşdırılıb və onun inkişafının əsas amilləri haqqında təqdimat keçirilib. Qeyd edilib ki, Astana şəhəri üçün tibbi turizmin potensial donor ölkələri Rusiya, Qırğızıstan, Özbəkistan, Azərbaycan, Belarus, Çin və İsraildir. Bu ölkələrdən son illərdə Qazaxıstana müalicə məqsədilə daha çox insan gəlib.
Tədbirdən sonra iştirakçılar Astanada fəaliyyət göstərən tibbi turizm müəssisələrinə səfər ediblər.