“Malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi” mövzusunda sahibkarlarla görüş keçirildi
“Malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi”nin sadələşdirilməsi ilə bağlı Nazirlər Kabinetinin qərarında edilən son dəyişikliklərlə bağlı sahibkarlar üçün görüş keçirilib.
İqtisadiyyat Nazirliyinin və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkilatçılığı ilə keçirilən görüşdə Dövlət Gömrük Komitəsinin Baş İdarə rəisinin müavini Rauf Məmmədov, İqtisadiyyat Nazirliyinin Sənaye şöbəsinin müdir müavini Elxan Şiriyev iştirak ediblər.
Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov bildirib ki, ölkəmizdə istehsal olunan məhsulların 60%-i xaricdən alınan xammala əsaslanır. “Malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi ilə bağlı yeniliklər ixracda Azərbaycan məhsullarının rəqabətə davamlı olmasına imkan verəcək. Həmçinin depozit tələbinin ləğv olunması sahibkarların dövriyyə vəsaiti ilə bağlı müəyyən çətinliklərini aradan qaldıracaq”, – deyə V.Zeynalov vurğulayıb.
Dövlət Gömrük Komitəsinin Baş İdarə rəisinin müavini Rauf Məmmədov “Malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi” ilə bağlı prosedurların sadələşdirilməsi və hazırda tələb olunan qaydalarla bağlı sahibkarlara məlumat verib. O, sahibkarları “şəxsi kabinet”dən aktiv istifadə etməyə çağıraraq, proseslərin daha da rahatlaşdırılması üçün göndərilən sorğulara cavab vermələrini xahiş edib.
“Dövlət Gömrük Komitəsi sahibkarlara partnyor kimi yanaşır. Biz gömrük əməkdaşlarının sahibkarlarla davranışına belə ciddi nəzarət edirik”, – deyə R.Məmmədov bildirib.
İqtisadiyyat Nazirliyinin Sənaye şöbəsi müdirinin müavini Elxan Şiriyev “Malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nda edilmiş son dəyişikliklərin və ümumilikdə bu mexanizmin emal və xidmət sektorunun inkişafı, xüsusilə də ixrac fəaliyyətinin genişləndirilməsi üçün mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb.
E.Şiriyev qeyd edib ki, hazırda əsas məqsəd ölkədə bu mexanizmdən istifadə edən sahibkarların dairəsinin genişləndirilməsi ilə məhsul ixracının artırılması, ölkənin qeyri-neft sektorunda istehsal, emal və xidmət sahələrinin inkişaf etdirilməsi və yeni iş yerlərinin yaradılmasıdır.
Görüşdə malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi qaydaları, daxildə emal xüsusi gömrük proseduruna icazənin verilməsi və müraciət prosedurları ilə bağlı təqdimatlar edilib və sahibkarları maraqlandıran suallar cavablandırılıb.