Bakıda Türk Dövlətləri II Aqrobiznes Forumu çərçivəsində panel sessiyalar keçirilib
Bakıda Türk Dövlətləri II Aqrobiznes Forumu keçirilir. Forumda Türk Dövlətləri Təşkilatına üzv ölkələrinin iqtisadi, aqrar potensialı, investisiya imkanları, həyata keçirilən islahatlar və mövcud nəqliyyat infrastruktur layihələri barədə tədbir iştirakçılarına ətraflı məlumatlar verilib.
Azərbaycan Sahibkarlar Konfederasiyasının üzvü olduğu Türk Ticarət və Sənaye Palataları Birliyinin xətti ilə beş türk dövlətindən gələn sahibkarlar tədbirdə iştirak ediblər. Konfederasiyanın prezidenti Məmməd Musayevin rəhbərlik etdiyi nümayəndə heyəti qardaş ölkələrin iş adamlarını maraqlandıran məsələləri diqqətdə saxlayıb.
Tədbirdə çıxış edən mütəxəssislər işgüzar dairələr arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi imkanlarını müzakirə ediblər.
Panel sessiyalarda “Türkdilli Dövlətlər Təşkilatı ölkələrinin qlobal iqtisadiyyatda və kənd təsərrüfatında yeri”, “Kənd təsərrüfatın inkişafı üçün institusional və struktur yönümlü tədbirlər”, “Türk Dövlətləri Təşkilatına üzv ölkələrdə kənd təsərrüfatının inkişaf dinamikası”, “Türk Dövlətləri Təşkilatına üzv ölkələrin kənd təsərrüfatı sahəsində inteqrasiya imkanları” mövzularında təqdimatlar keçirilib.
“Kənd təsərrüfatın inkişafı üçün institusional və struktur yönümlü tədbirlər” üzrə paneldə Azərbaycan Sahibkarlar Konfederasiyası Baş katibinin müavini Nərmin Qəniyeva çıxış edib.
Daha sonra II Türk Dövlətləri Aqrobiznes Forumu çərçivəsində Türk Dövlətləri Təşkilatına üzv ölkələrin aqrar sahə üzrə ixtisaslaşmış şirkətlərinin nümayəndələri arasında ikitərəfli görüşlər keçirilib. İkitərəfli görüşlərdə kənd təsərrüfatının bütün sahələri üzrə əməkdaşlıq imkanları müzakirə olunub.