Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti sahibkarları təhsil layihələrinə dəstək verməyə çağırdı
ADA Universiteti və tərəfdaşları qismində Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayevin də təmsil olunduğu nümayəndə heyəti Qazax Müəllimlər Seminariyasında “Təhsil və Mədəniyyətin vəhdəti: nümunələr və yeni missiya” mövzusunda tədbirdə iştirak edib.
Şəhidlər Xiyabanının ziyarət olunmasından sonra başlayan tədbiri açılış nitqi ilə “Qazax Müəllimlər Seminariyası 100 ildən sonra: Yeni tədris kompleksi və perspektivləri mövzusu” ilə Qazax Müəllimlər Seminariyasının İdarə Heyətinin üzvü Qalib Məmməd açıb.
Bir Sahibkarın Manifesti: Təhsildə və mədəniyyətdə xeyriyyəçilik ənənələrinin dirçəlişi mövzusunda panel müzakirəsində Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, NEQSOL Holding-in Baş icraçı direktorunun müavini İsrail Asəliyev, Heydər Əliyev Fondu Regional İnkişaf İctimai Birliyi nümayəndəsi Şamil Əzizov, PMD Group MMC-nin Baş icraçı direktoru Ruslan Mikayılov, ADA Universiteti Fondunun prezidenti Natiq Hacıyev çıxış edib.
Konfederasiyanın rəhbəri 19-cu əsrdə Azərbaycan sahibkarlarının dəstəyilə gənclərimizin xaricdə ali təhsil aldığını xatırladıb: “Ali təhsilli ziyalılarımızın çoxu o dövrdə milli burjuaziyanın, Tağıyev kimi sahibkarların köməkliyi ilə yüksək ali təhsil alaraq Vətənə döndülər və burada məktəblər açdılar”.
Məmməd Musayev 2-ci Qarabağ müharibəsi dövründə və 2023-cü ildə Türkiyədə baş verən dəhşətli zəlzələ ilə bağlı Azərbaycan sahibkarlarının böyük vətənpərvərlik, xeyriyyəçilik nümayiş etdirdiyini, o cümlədən Korporativ Sosial Məsuliyyət çərçivəsində cəmiyyətimiz üçün faydalı olan layihələr həyata keçirdiklərini bildirib.
Ölkəmizin görkəmli ziyalılarından biri olan, ADA Universitetinin rektoru Hafiz Paşayevin rəhbərliyə Qazax Müəllimlər seminariyasının yenidən qurulduğunu qeyd edib. Təhsilin, maarifçiliyin dəstəklənməsini prioritet istiqamət hesab edən Konfederasiya rəhbəri sahibkarları bölgələrimizdəki təhsil ocaqlarının inkişafına yönələn KSM layihələrini reallaşdırmağa dəvət etdi.
Qazax Müəllimlər Seminariyasının bərpasında ilk gündən aktiv iştirak edən Azərbaycan Sahibkarlar Konfederasiyasının Prezidenti Məmməd Musayevə təşəkkür sertifikatı təqdim edilib.