Prezident İlham Əliyev: “İş adamlarını azad edilmiş ərazilərin bərpasına dəvət edirəm”
Qarabağda və Şərqi Zəngəzurda uğurla icra edilən quruculuq-bərpa və reinteqrasiya işləri dövlət və özəl sektor arasında faydalı əməkdaşlıq və inkişaf nümunəsinə çevrilir.
Bu fikirlər Prezident İlham Əliyevin Bakıda keçirilən 3-cü Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” ‒ “Rebuild Karabakh” Sərgisinin iştirakçılarına müraciətində qeyd olunub.
“Sərgi iştirakçılarını – qabaqcıl iş adamlarını işğaldan azad edilmiş doğma torpaqların bərpası və inkişafı üçün dövlətimiz tərəfindən yaradılmış imkanlardan faydalanmağa, habelə biznes ideyalarını vahid məqsəd ətrafında birləşdirməyə dəvət edirəm. Əminəm ki, “Rebuild Karabakh” Sərgisi Qarabağda və Şərqi Zəngəzurda faydalı təşəbbüslərin uğurla gerçəkləşməsi və yeni işgüzar əlaqələr qurulması baxımından əlverişli platforma olacaqdır”, – deyə müraciətdə bildirilib.
Tədbirdə Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov, Qarabağ iqtisadi rayonu üzrə Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədri Orxan Məmmədov, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Prezidenti Məmməd Musayev, AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev, Qarabağ Dirçəliş Fondunun idarə heyətinin sədri Rəhman Hacıyev və Qarabağdakı şəhər və rayonlar üzrə məsul şəxslər iştirak ediblər.
Qeyd edək ki, 19-20-21 oktyabr tarixlərində keçirilən sərgidə Azərbaycan Sahibkarlar Konfederasiyası stendlə təmsil olunur.